Bakı. Trend:
Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməliyyatı nəticəsində Şəkidə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şəki rayonunun Kiş kəndi ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə məlumat daxil olub.
Baş İdarənin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə keçirdiyi tədbirlərlə rayon sakinləri Hümmət Feyzullayev, Nüyvər Babayev, Sərxan Hümmətov, Taleh Abdullayev, Rüstəm Məhərrəmov və Qəmlo Nəsirli müəyyən edilərək saxlanılıblar.
DİN-in məlumatına görə, araşdırmalar zamanı həmin şəxslərin ağacları qanunsuz kəsərək emal etdikdən sonra satdıqları müəyyən olunub. Əraziyə baxış zamanı 100-dən artıq kəsilmiş fıstıq ağacının kökləri aşkarlanıb. Ekspertlərin rəyinə əsasən, ağacların bəzilərinin 100–150 yaşında olduğu müəyyən edilib.
Qanunsuz ağackəsmə hallarının qarşısının alınması və digər təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdırmalar və nəzarət tədbirləri davam etdirilir.
DİN vətəndaşları yaşıllıqları qorumağa, ağacların qanunsuz kəsilməsi, məhv edilməsi və zədələnməsi halları ilə rastlaşdıqda dərhal polisə məlumat verməyə çağırıb.
