Moldova Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Energetika Xəbər 12 Noyabr 2026 13:57 (UTC +04:00)
Moldova Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Dublin. Trend:

Moldova, xüsusilə enerji resursları təchizatının şaxələndirilməsi üzrə davam edən səylər fonunda, Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu çərşənbə günü Dublində keçirilən "Avropa Siyasi Birliyi" (ASB) sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz enerji sahəsində əməkdaşlıqda maraqlıyıq. Son bir neçə il ərzində ölkə əhəmiyyətli islahatlar aparmasına baxmayaraq, energetika hamımız, xüsusilə də Moldova üçün hələ də ciddi problem olaraq qalır", – deyə o bildirib.

Sandu Azərbaycanla aparılan müzakirələrin əməkdaşlıq imkanlarını müəyyənləşdirməyə və enerji problemlərinin praktiki həlli yollarını tapmağa imkan verəcəyinə ümidvar olduğunu ifadə edib.

O, həmçinin Moldovanın sülh təşəbbüslərinə dəstəyini təsdiqləyərək, münaqişələrin nizamlanmasına yönəlmiş diplomatik danışıqları və səyləri alqışlayıb.

"Biz bütün ölkələrimizdə sülh olmasını istəyirik. Və əlbəttə ki, sülhə aparan istənilən müzakirələri və səyləri alqışlayıram", – deyə prezident bildirib.

Qeyd edək ki, “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu sammiti İrlandiyanın paytaxtı Dublində keçirilir. Tədbirdə Avropa və digər tərəfdaş dövlətlərdən 50-yə yaxın ölkə lideri iştirak edir.

Görüş Dublin Konqres Mərkəzində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və İrlandiyanın Baş naziri Mixol Martinin həmsədrliyi ilə keçirilir. Sammit “Avropa - güclü, təhlükəsiz və əlaqəli” şüarı altında təşkil olunub.

Avropa təhlükəsizliyi, Rusiyanın Ukraynaya qarşı müharibəsi, iqtisadi rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturunun inkişafı və regional qarşılıqlı əlaqənin gücləndirilməsi prioritet mövzulardandır.

Avropanın müdafiə qabiliyyəti, kiberhücumlara, dezinformasiyaya və digər hibrid təhdidlərə qarşı mübarizə, eləcə də Avropa təhlükəsizliyinin təmin edilməsi üzrə məsuliyyətin Avropa ölkələri və ABŞ arasında bölüşdürülməsi məsələlərinə xüsusi diqqət yetiriləcək.

İqtisadi gündəlik innovasiyaların və rəqəmsal infrastrukturun inkişafını, nəqliyyat əlaqələrinin möhkəmləndirilməsini, əlçatan və etibarlı enerji təchizatının təmin olunmasını, həmçinin Avropa iqtisadiyyatının xarici sarsıntılara qarşı davamlılığının artırılmasını əhatə edir.

Məlumat üçün bildirək ki, "Avropa Siyasi Birliyi" 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa ölkələri arasında siyasi dialoq və koordinasiya platforması kimi yaradılıb.

Azərbaycan üçün sammitdə iştirak enerji əməkdaşlığı, Cənubi Qafqazda sülh prosesi və nəqliyyat qarşılıqlı əlaqəliliyinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

"Avropa Siyasi Birliyi"nin növbəti sammitinin 2028-ci ilin may ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Bu, Bakı üçün Avropa dövlətlərinin liderlərini qəbul etmək və regional, eləcə də ümumavropa gündəliyi məsələləri üzrə dialoqu davam etdirmək imkanı yaradacaq.

Dublindəki ASB sammiti başa çatdıqdan sonra noyabrın 13-də Avropa İttifaqına üzv 27 dövlətin liderlərinin ayrıca qeyri-rəsmi görüşü keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti