Bakı. Trend:
2026/2027-ci tədris ili üçün bakalavriat, magistratura, tibb təhsili və rezidentura səviyyələri üzrə ümumilikdə 38 mindən çox dövlət sifarişli yer müəyyən edilib.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov bu gün Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib.
O bildirib ki, ali təhsil üzrə dövlət sifarişi insan kapitalına büdcə investisiyasının əsas alətlərindən biridir.
Nazir müavininin sözlərinə görə, İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət qurumlarının təkliflərini ümumiləşdirərək dövlət sifarişinə dair təklifləri Nazirlər Kabinetinə təqdim edir.
A.Bayramov qeyd edib ki, son 5 ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi təxminən 50 faizə yaxınlaşıb.
O vurğulayıb ki, bu, ölkə vətəndaşları üçün ödənişsiz ali təhsil imkanlarının genişləndirilməsinə xidmət edir.
