Bakı.Trend:
Gürcüstanda Poti limanını Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə birləşdirəcək və ixrac yüklərinin qərb istiqamətində daşınmasını təmin edəcək pilot intermodal yükdaşıma xidmətinin istifadəyə verilməsi təklif olunub.
Bu barədə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə Gürcüstanın ACT LLC tədqiqat şirkəti tərəfindən hazırlanan araşdırmada bildirilib.
Araşdırmaya əsasən, təşəbbüs Poti və ya Batumi limanlarında kiçik intermodal terminalın yaradılmasını və ya mövcud infrastrukturdan istifadəni nəzərdə tutur. Bu terminallarda konteynerlərin gəmilərdən qatarlara yüklənməsi mümkün olacaq.
Həmçinin Gürcüstanın ixrac məhsullarının Avropa İttifaqı istiqamətində BTQ dəmir yolu ilə daşınması üçün konteyner qatarlarının hərəkətinin təşkili, dəmir yolu daşımalarının qrafiklərinin dəniz reyslərinin cədvəlləri ilə uzlaşdırılması təklif edilir.
Layihənin həyata keçirilməsində aparıcı rolun "Georgian Railway" şirkətinə və liman operatorlarına həvalə edilməsi təklif olunur. Təşəbbüsün əlaqələndirilməsini isə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi həyata keçirə bilər.
Araşdırmada qeyd olunur ki, dəmir yolu daşımalarının birləşdirilməsi kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin iri həcmdə məhsullarının ayrı-ayrı marşrutlar üzrə daşınma xərclərini azalda bilər.
Bundan əlavə, dəmir yolu əlaqəsindən istifadə bərə və ya avtomobil nəqliyyatında fasilələr yarandığı təqdirdə alternativ marşrutdan yararlanmağa imkan verəcək. Təklif olunan tədbir, həmçinin ixrac daşımaları üçün dəmir yolu infrastrukturunun mövcud boş güclərindən istifadəsini nəzərdə tutur. Bununla belə, ilkin mərhələdə belə daşımaların payı az ola bilər.
