Dublin. Trend:
Azərbaycan və Böyük Britaniya süni intellekt, rəqəmsal idarəetmə, elmi tədqiqatlar və innovasiyalar sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhamin noyabrın 12-də Dublində imzaladıqları iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamədə bildirilib.
"İştirakçılar təhsilin, elmin, tədqiqatın və innovasiyanın uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın vacib amilləri, eləcə də müasir, rəqabətə davamlı və inklüziv iqtisadiyyatların təməli olduğunu qəbul edirlər.
Onlar artan əmək bazarı və idarəetmə ehtiyaclarına cavab olaraq, ali təhsil, peşə təhsili və təlim, rəqəmsal və texniki bacarıqlar, eləcə də icraedici və dövlət sektorunda təlim də daxil olmaqla, təhsil və bacarıqların inkişafı sahəsində əməkdaşlığı dərinləşdirəcəklər.
İştirakçılar, bacarıqların inkişafı, şəffaflıq və inklüziv artıma diqqət yetirərək, süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsi vasitəsilə də rəqəmsallaşdırma, inkişafda olan texnologiyalar və həyat elmləri sahələrində əməkdaşlıq edən universitetlər, tədqiqat institutları və sənayeləri arasında tərəfdaşlıq da daxil olmaqla, tədqiqat, innovasiya və texnoloji əməkdaşlığı təşviq edəcəklər.
İştirakçılar iki vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlaşmanı, mədəni əlaqələri və uzunmüddətli əməkdaşlığı təşviq edən insanlararası mübadilələri və peşəkar şəbəkələri həvəsləndirəcəklər", - deyə bəyannamədə bildirilir.
