Bakı. Trend:
Bakının Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında aparılan yoxlamalar zamanı bir sıra mikrobioloji uyğunsuzluqlar aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, restoranda zəhərlənmə şübhəsi ilə bağlı aparılan araşdırmalar yekunlaşıb. Agentliyin əməkdaşlarının keçirdiyi plandankənar yoxlama zamanı müəssisənin ümumi sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib.
Həmçinin qida məhsullarının emalı və saxlanılması prosesində bir sıra nöqsanlara, o cümlədən çarpaz çirklənmə risklərinə yol verildiyi aşkarlanıb.
Laborator müayinələrin nəticələrinə əsasən, çiy mal ətində, marinad edilmiş toyuq lüləsində və toyuq kababında Listeria monocytogenes, paytaxt salatında isə Escherichia coli (E.coli) bakteriyaları aşkar edilib.
Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Qeyd edək ki, Bakının Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında kütləvi qida zəhərlənmə halı baş vermişdi. Restoranda əlilliyi olan 34-ə yaxın şəxsin qatıldığı tədbir zamanı iştirakçılardan 14-də qida zəhərlənməsi faktı qeyd olunub.
