AZAL Qəbələdəki mərkəzi pilot hazırlığını genişləndirəcək, təyyarə parkını artıracaq

İqtisadiyyat Xəbər 12 Noyabr 2026 17:43 (UTC +04:00)
AZAL Qəbələdəki mərkəzi pilot hazırlığını genişləndirəcək, təyyarə parkını artıracaq
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər


Qəbələ. Trend:


"Azərbaycan Hava Yolları"nın (AZAL) Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzi yerli pilot kadrlarının hazırlanması imkanlarını genişləndirməyi, təlim təyyarələrinin və təlimatçıların sayını artırmağı planlaşdırır.

Trend-in Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu mərkəzin rəis müavini Seymur Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda mərkəzin təlim parkında 5 ədəd "Cessna 172S" tipli təyyarə mövcuddur. Rəis müavini vurğulayıb ki, bu ilin sonunadək daha bir belə hava gəmisinin Azərbaycana gətirilməsi nəzərdə tutulur. 2027–2028-ci illərdə isə "Cessna" təyyarələrinin sayının 10-nu keçəcəyi planlaşdırılır.

“Əsas prioritetimiz yerli kadrların hazırlanmasıdır. Təyyarə parkının genişləndirilməsi ölkədə pilot hazırlığı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq”, – deyə o qeyd edib.

S.Quliyev bildirib ki, hazırda mövcud təyyarə və təlimatçı potensialı hesabına il ərzində 16 pilotun hazırlanması mümkündür. Mərkəzin qarşıdakı illər üzrə hədəfi isə bu göstəricini illik 60 nəfərə çatdırmaqdır.

O əlavə edib ki, hazırda 4 təlimatçı Türkiyədə müvafiq hazırlıq kurslarında iştirak edir. Onların yanvar ayından etibarən fəaliyyətə qoşulması ilə Mərkəzdə təlimatçıların ümumi sayının 8 nəfərə çatdırılması gözlənilir. Bununla yanaşı, 2027–2028-ci illərdə ümumilikdə 19 yeni təlimatçının hazırlanması planlaşdırılır.

Mərkəzin rəis müavininin sözlərinə görə, pilotların hazırlığında simulyator təlimləri də mühüm yer tutur. Hazırda simulyator Milli Aviasiya Akademiyasında yerləşir və müvafiq təlimlər burada keçirilir.

“Pilot hazırlığı zamanı simulyator təlimlərindən istifadə olunur. Bu, gələcək pilotların müxtəlif uçuş şəraitinə uyğunlaşması və zəruri bacarıqlara yiyələnməsi baxımından vacibdir”, – deyə o bildirib.

S.Quliyev qeyd edib ki, Mərkəzdə birmühərrikli (SEP) və ikimühərrikli (MEP) hava gəmiləri üzrə hazırlıq həyata keçirilir: "Birmühərrikli təyyarələrə "Cessna 172S" nümunə göstərilə bilər. Bundan əlavə, yeni "Diamond" tipli təyyarələrin alınması istiqamətində danışıqlar aparılıb. Planlara əsasən, 2027-ci ildə bir "Diamond" təyyarəsi və həmin tip hava gəmisi üçün bir simulyator istifadəyə veriləcək".

O, pilot hazırlığının modular və inteqrə olunmuş proqramlar üzrə həyata keçirildiyini də diqqətə çatdırıb: "Modular proqram çərçivəsində namizədlər əvvəlcə 9 imtahan verir və bundan sonra özəl pilot lisenziyası (PPL) əldə edirlər. Növbəti mərhələlərə keçid isə namizədin hazırlıq imkanlarından asılı olaraq daha sonra həyata keçirilə bilər".

“Modular proqramın əsas xüsusiyyəti təlimlərin mərhələli şəkildə təşkil olunmasıdır. Namizəd əvvəlcə PPL əldə edir, daha sonra kommersiya pilotu lisenziyasının (CPL) alınması üçün tələb olunan digər mərhələləri tamamlayır”, – deyə S.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, kommersiya pilotu lisenziyasının əldə edilməsi üçün tələb olunan uçuş saatlarının ümumi sayı təlim proqramından asılı olaraq 210 saatdır. Bu hazırlıq mərhələləri başa çatdıqdan sonra pilot müvafiq şəhadətnaməni əldə edə bilir.

S.Quliyev cihazlarla uçuş (IR – "Instrument Rating") hazırlığının əhəmiyyətinə də toxunub. O bildirib ki, bu təlim pilotlara məhdud görünüş, buludlu və mürəkkəb meteoroloji şəraitdə əsasən bort cihazlarının göstəricilərinə əsaslanaraq uçuş həyata keçirmək bacarığı qazandırır.

“Əvvəllər cihazlarla uçuş üzrə təlimatçı hazırlığı üçün pilotlarımız xarici ölkələrə üz tutmalı olurdular. Lakin Mərkəz 2026-cı ildə bu istiqamətdə müvafiq səlahiyyət əldə edib. Artıq bütün tələblərə cavab verən pilotlarımızın ölkə daxilində hazırlanması və onlara müvafiq təlimatçı statusunun verilməsi mümkündür”, – deyə o bildirib.

Mərkəzin rəis müavini əlavə edib ki, bu imkanların genişləndirilməsi yerli aviasiya mütəxəssislərinin hazırlanmasına, xaricdəki təlimlərdən asılılığın azalmasına və ölkənin pilot kadrları ilə təminatının gücləndirilməsinə xidmət edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti