Bakı.Trend:
Avropa və bir sıra qeyri-Avropa ölkələrinin liderləri Avropa Siyasi Birliyinin (ASB) sammitində iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublində toplaşıblar.
Bu barədə Trend-in xüsusi müxbiri Ləman Zeynalova məlumat verib.
Onun sözlərinə görə, sammit Avropanın artan təhlükəsizlik təhdidləri, iqtisadi təzyiqlər və getdikcə daha qeyri-sabit xarakter alan dünyada öz yeri ilə bağlı suallarla üzləşdiyi bir dövrdə keçirilir.
Tədbir Dublin Konfrans Mərkəzində keçirilir və 50-dək ölkənin dövlət və hökumət başçısını bir araya gətirir.
Sammitə Avropa Şurasının Prezidenti və İrlandiyanın Baş naziri sədrlik edirlər.
Sammitin mövzusu “Avropa: güclü, təhlükəsiz və əlaqəli”dir. Müxbirin qeyd etdiyi kimi, bu mövzu Avropanın daha rəqabətqabiliyyətli və dayanıqlı olmaq, eləcə də sərhədləri yaxınlığında üzləşdiyi çağırışlara hazırlaşmaq istiqamətində səylərinin mahiyyətini əks etdirir.
Gündəlikdə Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi, Yaxın Şərqdən, ilk növbədə Hörmüz boğazı bölgəsindən qaynaqlanan təhlükəsizlik təhdidləri, həmçinin nəqliyyat və eneri məsələləri yer alır.
