Avropada ailələrin enerji xərclərinin azaldılması üçün strategiya açıqlanıb

Dünya xəbərləri Xəbər 12 Noyabr 2026 15:41 (UTC +04:00)
Avropada ailələrin enerji xərclərinin azaldılması üçün strategiya açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Dublin.Trend:

Enerji resurslarının tədarükünün şaxələndirilməsi Avropa İttifaqının ev təsərrüfatlarının və biznesin enerji xərclərini azaltmaq, eləcə də enerji təhlükəsizliyini gücləndirmək səylərində əsas prioritetlərindən biri olaraq qalır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola Dublində keçirilən Avropa Siyasi Birliyinin (EPC) sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Aİ şaxələndirmə strategiyası çərçivəsində enerji resurslarının daha əlverişli şərtlərlə tədarükünün təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

“Enerji məsələsinə gəldikdə, biz, o cümlədən Avropa Parlamenti olaraq, ailələrin və müəssisələrin enerji xərclərini azaltmaq üçün fəaliyyətimizi davam etdirəcəyik. Məhz buna görə də strategiyamız həmişə tədarük mənbələrinin şaxələndirilməsindən ibarət olub”, – deyə o bildirib.

Metsola beynəlxalq tərəfdaşlarla əməkdaşlığın vacibliyini də vurğulayıb. O, Aİ-Kanada arasında bu yaxınlarda keçirilən sammitin müsbət nəticələr verdiyini və tərəflərin indi bu nəticələri konkret addımlara çevirməyə ümid etdiklərini qeyd edib.

Bundan əlavə, o, Ukrayna ilə bağlı Avropanın vahid mövqedən çıxış etməsinin zəruriliyini vurğulayaraq, ədalətli, davamlı və uzunmüddətli sülhün əldə olunması səylərinin dəstəklənməsi baxımından ardıcıl və razılaşdırılmış mövqenin mühüm əhəmiyyət daşıdığını bildirib.

Qeyd edək ki, İrlandiyanın paytaxtı Dublində Avropanın 50-yə yaxın ölkəsinin və digər tərəfdaş dövlətlərin liderlərini bir araya gətirən Avropa Siyasi Birliyinin (EPC) 9-cu sammiti keçirilir.

Görüş Avropa Şurasının Prezidenti Antonio Koşta və İrlandiyanın Baş naziri Mixol Martinın həmsədrliyi ilə Dublin Konfrans Mərkəzində keçirilir. Sammit “Güclü, təhlükəsiz və qarşılıqlı əlaqəli Avropa” şüarı altında təşkil olunub.

Gündəliyin əsas mövzuları sırasında Avropanın təhlükəsizliyi, Rusiyanın Ukraynaya qarşı müharibəsi, iqtisadi rəqabət qabiliyyəti, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturunun inkişafı və regional qarşılıqlı əlaqələrin gücləndirilməsi yer alır.

Avropanın müdafiə imkanlarına, kiberhücumlara, dezinformasiyaya və digər hibrid təhdidlərə qarşı mübarizəyə, həmçinin Avropanın təhlükəsizliyinin təmin edilməsində Avropa ölkələri və ABŞ arasında məsuliyyət bölgüsünə xüsusi diqqət yetiriləcək.

İqtisadi gündəliyə innovasiyaların və rəqəmsal infrastrukturun inkişafı, nəqliyyat əlaqələrinin gücləndirilməsi, enerji resurslarının əlçatan və etibarlı təchizatının təmin edilməsi, eləcə də Avropa iqtisadiyyatının xarici təsirlərə qarşı dayanıqlığının artırılması daxildir.

Avropa Siyasi Birliyi 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa ölkələri arasında siyasi dialoq və koordinasiya platforması kimi yaradılıb.

Azərbaycan üçün sammitdə iştirak enerji əməkdaşlığı, Cənubi Qafqazda sülh prosesi və nəqliyyat əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

EPC-nin növbəti sammitinin 2028-ci ilin may ayında Azərbaycanda keçirilməsi planlaşdırılır. Bu, Bakıya Avropa liderlərini qəbul etmək, regional məsələlər və daha geniş Avropa gündəliyi üzrə dialoqu davam etdirmək imkanı verəcək.

Dublində Avropa Siyasi Birliyinin sammiti başa çatdıqdan sonra, noyabrın 13-də Avropa İttifaqına üzv 27 dövlətin liderlərinin ayrıca qeyri-rəsmi görüşü keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti