Bakı.Trend:
Türkiyə yeni atom elektrik stansiyalarının tikintisinə Rusiyanın dövlət korporasiyası “Rosatom”u cəlb etmək niyyətində deyil.
“Bloomberg”in məlumatına görə, bu barədə Türkiyənin Energetika naziri Alparslan Bayraktar bildirib.
“Biz rəqabət qabiliyyətini, şaxələndirmə və ən yaxşı texnoloji təklif kimi amilləri nəzərə alırıq”, – deyə Alparslan Bayraktar bildirib.
Nəşrin yazdığına görə, Türkiyə yeni atom elektrik stansiyalarının (AES) tikintisi ilə bağlı Kanada və Cənubi Koreya ilə danışıqlar aparır və yaxın aylarda yekun qərar qəbul etməyi planlaşdırır.
“Texnologiya seçiminə gəldikdə, bu iki təchizatçı bizi müəyyən dərəcədə qane edib”, – deyə Türkiyənin energetika naziri Alparslan Bayraktar Antalyada keçirilən BMT-nin COP31 iqlim sammiti çərçivəsində agentliyə bildirib.
Bayraktarın sözlərinə görə, hökumət Kanadanın pensiya fondları ilə maliyyələşdirmə məsələsini də müzakirə edib.
Növbəti AES-in Qara dəniz sahilində yerləşən Sinop şəhərində inşa edilməsi planlaşdırılır. Bundan sonra isə Türkiyə üçüncü ənənəvi AES-in və kiçik modul tipli reaktorların tikintisini nəzərdə tutur.
