Bakı.Trend:
Ermənistanın Armavir vilayətinin məhkəməsi bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyanı şərti olaraq azadlıqdan məhrum edib.
Bu barədə "İnterfaks" məlumat yayıb.
Hakim Gevork Manukyan hökmü elan edərkən bildirib ki, Gevork Nersisyan iki il sınaq müddəti olmaqla üç il müddətinə, Ambartsum Nersisyan isə bir yaşlı qızı altı yaşına çatanadək sınaq müddəti müəyyən edilməklə üç il beş ay müddətinə şərti azadlıqdan məhrum edilib. Onlara Ermənistanı tərk etmək qadağan olunub.
Katolikosun qardaşı və qardaşı oğlu 2025-ci ilin noyabrında Eçmiədzin şəhərinin meri seçkiləri zamanı seçki kampaniyasına mane olmaqda ittiham edilərək həbs olunublar. Daha sonra onlar barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. Qohumlar 2026-cı ilin mayında isə polis nəzarətinə verilməklə sərbəst buraxılıblar.
Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl bütün ermənilərin katolikosu II Qareginin taxtdan imtina etməsinin zəruriliyini bəyan edərək onu ölkənin təhlükəsizliyinə təhdid hesab etdiyini bildirib. Paşinyan katolikosun patriarx taxtını qanunsuz ələ keçirdiyini, subaylıq andını pozduğunu və həyat yoldaşı ilə övladlarının olması barədə ictimaiyyətə izahat verməli olduğunu iddia edib.
Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələri II Qaregini katolikos kimi tanımaqdan imtina edir və onu dünyəvi adı ilə – Ktrıç Nersisyan kimi təqdim edirlər. Ermənistan parlamentində isə “Erməni kilsəsində böhran” məsələsi ilə bağlı istintaq komissiyası yaradılıb.
