Bakı. Trend:
Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi təməli, suverenliyimizin və demokratik inkişafımızın əsas təminatıdır. Əsas Qanunun aliliyinin qorunması, onun prinsiplərinə sadiqlik və insan hüquq və azadlıqlarının təmin edilməsi güclü, demokratik və firavan Azərbaycanın gələcəyinin başlıca şərtləridir.
Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov 12 Noyabr – Konstitusiya Günü ilə bağlı Trend-ə açıqlamasında deyib.
O bildirib ki, hər bir dövlətin müstəqilliyinin möhkəmliyi, siyasi və hüquqi sisteminin dayanıqlılığı, gələcək inkişaf perspektivləri onun Konstitusiyasında təsbit olunmuş fundamental prinsiplərlə müəyyən edilir.
Deputatın sözlərinə görə, Konstitusiya dövlət quruluşunun əsaslarını, hakimiyyətin təşkili və fəaliyyətini, dövlətlə vətəndaş arasında münasibətləri tənzimləməklə yanaşı, xalqın dövlətçilik iradəsini, milli dəyərlərini və strateji hədəflərini də özündə əks etdirir.
O qeyd edib ki, hər il noyabrın 12-də qeyd olunan Konstitusiya Günü müstəqil Azərbaycanın ilk Əsas Qanununun qəbul edildiyi tarixi təcəssüm etdirir: "Bu əlamətdar gün dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması və hüquqi dövlət quruculuğu istiqamətində əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır".
S.Novruzov Azərbaycanın konstitusiya quruculuğu tarixinin dövlətçilik salnaməmizin mühüm mərhələlərindən biri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ölkəmizdə 1921, 1927 və 1937-ci illərdə Konstitusiyalar qəbul edilib, Azərbaycan SSR-in sonuncu Konstitusiyası isə 1978-ci il aprelin 21-də təsdiqlənib. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi milli maraqlarımızın və mənəvi dəyərlərimizin qorunması baxımından tarixi addım olub.
Deputat bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası konstitusiya quruculuğunda yeni mərhələnin başlanğıcını qoysa da, müstəqilliyin ilk illərində yaşanan siyasi böhran və qeyri-sabitlik yeni Konstitusiyanın qəbulunu çətinləşdirirdi.
O qeyd edib ki, xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik təmin edilib, dövlət quruculuğunun əsas istiqamətləri müəyyənləşdirilib və yeni Əsas Qanunun hazırlanmasına başlanılıb.
S.Novruzovun sözlərinə görə, Ümummilli Liderin rəhbərliyi ilə yaradılmış Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə təqdim edilib. 1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub və həmin il noyabrın 27-də qüvvəyə minib.
O əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin 1996-cı il noyabrın 1-də imzaladığı Fərmanla noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilib.
Deputat vurğulayıb ki, Konstitusiyanın qəbulu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük tarixi xidmətlərindən biridir.
"Bu sənəd Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının təməlini qoyaraq xalq hakimiyyəti, hakimiyyət bölgüsü, qanunun aliliyi, siyasi plüralizm və insan hüquq və azadlıqlarının üstünlüyü prinsiplərini təsbit edib", – deyə o bildirib.
S.Novruzov qeyd edib ki, Konstitusiya dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini, idarəçilik sisteminin hüquqi əsaslarını və ölkənin strateji inkişaf istiqamətlərini də müəyyənləşdirib.
Onun sözlərinə görə, Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr olunub. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil edib.
Deputat bildirib ki, Əsas Qanunda dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş şəkildə təsbit olunub.
O, konstitusion quruluşun və Əsas Qanunun aliliyinin qorunmasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin mühüm rolunu da diqqətə çatdırıb.
S.Novruzov qeyd edib ki, konstitusiya nəzarətinin həyata keçirilməsi, normativ hüquqi aktların Əsas Qanuna uyğunluğunun yoxlanılması, eləcə də konstitusion hüquq və azadlıqların müdafiəsi bu məhkəmə orqanının fəaliyyətinin əsas istiqamətlərindəndir.
Deputatın sözlərinə görə, ictimai münasibətlərin və dövlət idarəçiliyinin inkişafı ilə əlaqədar 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar vasitəsilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
S.Novruzov Azərbaycanın müasir dövlətçilik tarixində Konstitusiyanın əhəmiyyətinin ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə daha da artdığını bildirib.
O vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış tarixi Zəfər və 2023-cü ildə suverenliyin ölkəmizin bütün ərazisində tam bərpası dövlətçilik tariximizin yeni mərhələsini müəyyən edib.
"Bu tarixi nailiyyətlər Konstitusiyada təsbit olunmuş müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinin təntənəsidir", – deyə deputat bildirib.
O, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsinin xüsusi tarixi əhəmiyyət daşıdığını qeyd edib.
S.Novruzovun sözlərinə görə, bu qərar Əsas Qanunun dövlətçilik tariximizdəki rolunu, milli suverenliyimizin möhkəmləndirilməsindəki əhəmiyyətini və konstitusion dəyərlərin təbliğinin vacibliyini bir daha vurğulayır.
Deputat, həmçinin "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)" yubiley medalının təsis edilməsinin əhəmiyyətinə toxunub.
O bildirib ki, həmin medal Konstitusiyanın hazırlanması və təkmilləşdirilməsi, hüquq sisteminin inkişafı, Əsas Qanunun aliliyinin təmin olunması və insan hüquqlarının müdafiəsi sahəsində göstərilən xidmətlərə verilən dəyərin ifadəsidir.
S.Novruzov Konstitusiyanın aliliyinin təmin edilməsinin yalnız dövlət orqanlarının deyil, hər bir vətəndaşın da məsuliyyəti olduğunu vurğulayıb.
"Qanunlara hörmət, hüquqi mədəniyyətin yüksəldilməsi və insan hüquqlarının qorunması demokratik cəmiyyətin davamlı inkişafının mühüm şərtlərindəndir. Bu baxımdan, konstitusion dəyərlərin təbliği və əhalinin hüquqi maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır", – deyə o qeyd edib.
Deputat bildirib ki, 12 Noyabr – Konstitusiya Günü xalqımızın dövlətçilik iradəsini, müstəqillik əzmini və milli suverenliyə sadiqliyini təcəssüm etdirir.
Onun sözlərinə görə, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin əhəmiyyətini bir daha önə çəkir, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi nailiyyətlərin hüquqi əsaslarını və Azərbaycanın gələcək inkişaf hədəflərini diqqətə çatdırır.
S.Novruzov fikirlərini yekunlaşdıraraq bildirib ki, bu gün Konstitusiya müstəqil dövlətimizin inkişafının, milli maraqlarımızın qorunmasının, insan hüquq və azadlıqlarının təmin edilməsinin və suverenliyimizin möhkəmləndirilməsinin etibarlı hüquqi təminatıdır.
O vurğulayıb ki, Əsas Qanunun prinsiplərinə sadiqlik və qanunun aliliyinin qorunması güclü, demokratik və firavan Azərbaycanın gələcəyinin başlıca şərtidir.
