Bakı.Trend:
Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Alibek Kuantırov və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Xəzər dənizinin mövcud vəziyyətini və onun qorunması istiqamətində regional əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.
Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, görüş Türkiyədə keçirilən COP31 çərçivəsində ikitərəfli formatda baş tutub.
Danışıqlar zamanı tərəflər Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün Xəzəryanı dövlətlərin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıblar.
Alibek Kuantırov Qazaxıstanın Xəzərin ən aktual ekoloji problemlərinin həllinə yönəlmiş təşəbbüsləri barədə məlumat verib. O, xüsusilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2026-cı il oktyabrın 9-da Türkmənistanın "Avaza" Milli Turizm Zonasında keçirilən Birinci Xəzər Ekoloji Sammitində səsləndirdiyi təşəbbüslərdən danışıb.
Görüşdə Qazaxıstanın Xəzər dənizinin qorunması üzrə Dövlətlərarası Proqramın hazırlanması təklifi xüsusi diqqət mərkəzində olub. Sənədin Xəzəryanı dövlətlərin dəniz ekosisteminin mühafizəsi istiqamətində razılaşdırılmış fəaliyyətinin əsasını təşkil edəcəyi nəzərdə tutulur.
Bundan əlavə, görüş iştirakçıları Qazaxıstan Prezidentinin BMT sistemi çərçivəsində Beynəlxalq Su Təşkilatının yaradılması təşəbbüsünün irəlilədilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Bu təşəbbüs su ehtiyatları sahəsində qlobal koordinasiyanın gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın inkişafına yönəlib.
Muxtar Babayev Qazaxıstanın bu təşəbbüslərini dəstəkləyərək onların regional qarşılıqlı fəaliyyətin gücləndirilməsi və Xəzər dənizinin ekoloji problemlərinin həllinə dair birgə yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib.
Tərəflər Qazaxıstan-Azərbaycan əməkdaşlığının daha da inkişaf etdirilməsində və Xəzərin qorunması istiqamətində səylərin əlaqələndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
