Argentina baş məşqçisi ilə müqaviləsini daha 4 il uzatdı

İdman Xəbər 13 Noyabr 2026 02:09 (UTC +04:00)
Argentina baş məşqçisi ilə müqaviləsini daha 4 il uzatdı

Bakı. Trend:

Argentina millisinin baş məşqçisi Lionel Skaloni yeni müqavilə imzalayıb.

48 yaşlı mütəxəssis Argentina Futbol Assosiasiyası (AFA) ilə müqaviləsinin müddətini 2030-cu ilin yayına qədər uzadıb.

2018-ci ildən Argentina yığmasına rəhbərlik edən Skaloni komanda ilə birlikdə dünya çempionluğunu, iki dəfə Amerika Kubokunu və bir dəfə Finalissima titulunu qazanıb. 2026-cı il dünya çempionatının finalında isə argentinalılar İspaniyaya 0:1 hesabı ilə məğlub olublar.

Skaloni Uruqvayla oyun öncəsi AFA rəhbərliyi ilə keçirdiyi mətbuat konfransında yeni müqavilə barədə fikirlərini bölüşüb:

“Bunun reallaşmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Çox xoşbəxtəm. Hazırda bir çox ailə üçün çətin dövr olsa da, bu hadisə mənə böyük sevinc bəxş edir. Hamımızın istədiyi də məhz bu idi. Əvvəlki kimi həvəsli və enerjiliyəm. Əks halda, burada fəaliyyətimi davam etdirməyim mümkün olmazdı. Bu iş insandan tam fədakarlıq tələb edir. Hər şeyi diqqətlə götür-qoy etdikdən və yaxınlarımla məsləhətləşdikdən sonra əməkdaşlığı davam etdirməyin ən doğru qərar olduğu qənaətinə gəldik.

Qısa müddətdə razılıq əldə etdik. İndi isə qarşımızda yeni bir dövr olmasa da, olduqca vacib mərhələ dayanır. Bu mərhələdə özlərini göstərmək üçün böyük istək nümayiş etdirən gənc futbolçulara şans verəcəyik. Motivasiyam ilk gündə olduğu qədər güclüdür. Birlikdə yolumuza davam edəcəyimiz üçün çox şadam”, – deyə Skaloni bildirib.

Xəbər lenti

Xəbər lenti