İri dövlət investisiya layihələri üçün 10 illik maliyyə öhdəliyi pasportunun tətbiqi təklif edilir

İqtisadiyyat Xəbər 13 Noyabr 2026 13:17 (UTC +04:00)
İri dövlət investisiya layihələri üçün 10 illik maliyyə öhdəliyi pasportunun tətbiqi təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

İri dövlət investisiya layihələri üçün 10 illik maliyyə öhdəliyi pasportu mexanizminin tətbiqi təklif olunur. Bu mexanizm çərçivəsində layihələrin yalnız tikinti dəyəri deyil, gələcək istismar, təmir və digər xərcləri də əvvəlcədən hesablanmalıdır.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Vüqar İskəndərov parlamentin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, 2027-ci ilin dövlət büdcəsi ölkənin iqtisadi dayanıqlığının, sosial siyasətinin və strateji prioritetlərinin maliyyə təminatını özündə əks etdirir.

V.İskəndərov bildirib ki, dövlət investisiyaları maliyyələşdirilərkən əsasən obyektin tikinti dəyəri hesablanır, lakin həmin obyektin sonrakı 10 il ərzində tələb edəcəyi xərclərin nə dərəcədə dəqiq müəyyənləşdirilməsi məsələsi də nəzərə alınmalıdır.

Deputat nümunə olaraq dövlət vəsaiti hesabına yeni məktəbin tikilməsini göstərib. Onun sözlərinə görə, məktəbin inşasına maliyyə ayrılması mühüm və vacib olsa da, növbəti 10 ildə həmin təhsil müəssisəsinin kommunal, texniki xidmət, əsaslı təmir və digər istismar xərcləri də dövlətin üzərinə düşür.

O vurğulayıb ki, eyni yanaşma xəstəxanalara, idman komplekslərinə, digər inzibati binalara və infrastruktur obyektlərinə də şamil edilməlidir.

“İri dövlət investisiya layihələri üçün 10 illik maliyyə öhdəliyi pasport mexanizminin tətbiqini təklif edirəm”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, layihələr təsnifləşdirilməzdən əvvəl yalnız tikinti dəyəri deyil, gələcək istismar xərcləri, təmir ehtiyacları və mümkün qənaət imkanları da hesablanaraq təqdim olunmalıdır.

Deputat dövlət proqramlarının maliyyələşdirilməsində də müəyyən dövrilik prinsipinin tətbiqini təklif edib. O hesab edir ki, bəzi dəstək proqramlarının hər üç və ya beş ildən bir məcburi səmərəlilik qiymətləndirilməsinin aparılması məqsədəuyğundur.

“Əgər proqram qarşıya qoyulan məqsədə çatırsa, davam etdirilsin. Əgər nəticələr zəifdirsə, mexanizm dəyişdirilsin. Qənaət olunan vəsait isə daha aktual ehtiyaclara yönəldilsin”, – deyə o bildirib.

V.İskəndərov əlavə edib ki, burada söhbət sosial hüquqların və dövlətin vətəndaş qarşısındakı öhdəliklərinin dəyişdirilməsindən deyil, dövlət vəsaitlərindən daha səmərəli istifadə olunmasından gedir.

O vurğulayıb ki, qarşıda duran əsas vəzifələrdən biri yalnız 2027-ci ilin büdcəsinin uğurla icrasını təmin etmək deyil, həm də 2030-cu il və sonrakı illərin büdcələrini indidən düşünməkdir.

Deputatın sözlərinə görə, güclü iqtisadiyyat yalnız böyük həcmdə investisiya yatıran deyil, eyni zamanda qoyduğu investisiyaların gələcək xərclərini də düzgün hesablayan iqtisadiyyatdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti