Bakı.Trend:
Ukraynada ölkənin ümumi hərbiləşdirilməsi çərçivəsində məktəblərin də hərbiləşdirilməsi zəruridir.
Bu barədə Ali Radanın deputatı Maryana Bezuqlaya “RBK-Ukrayna” nəşrinə müsahibəsində bildirib.
“Bizim yeganə yolumuz ölkənin hərbiləşdirilməsidir. Bu, təfəkkürün dəyişdirilməsi, hər kəsin hərbi xidmət keçməsidir. Mən məktəblərin hərbiləşdirilməsinin tərəfdarıyam. Bizim Rusiyadakından fərqli, İsrail təcrübəsinə daha yaxın olan başqa bir yolumuz olmalıdır”, – deyə Bezuqlaya bildirib.
Onun sözlərinə görə, “məktəbdə hər bir uşaq dron idarə etməyi öyrənməlidir”, çünki yaxın gələcəkdə bu texnologiyalardan yalnız hərbi məqsədlər üçün deyil, digər sahələrdə də istifadə olunacaq. Deputat vurğulayıb ki, bu, gələcəyin texnologiyasıdır və dövlət siyasəti onun ətrafında qurulmalıdır.
Bundan əvvəl Maryana Bezuqlaya Ukraynada ölkə prezidenti Volodimir Zelenski və nazirlər istisna olmaqla, bütün işçilər üçün səfərbərlikdən möhlətin ləğv edilməsini təklif etmişdi. Onun sözlərinə görə, deputatlar da bu hüquqdan məhrum edilməlidir, lakin səsvermədə iştirak edə bilmələri üçün onlar üçün “xüsusi prosedur” nəzərdə tutulmalıdır.
