Bakı. Trend:
Cümə günündən (13 noyabr) etibarən İranın qərbində yerləşən Kirmanşah vilayətində Sumar sərhəd-keçid məntəqəsi bağlanıb.
İranın Gömrük Administrasiyasının məlumatına görə, bunu İranın Kirmanşan vilayəti gömrüklərinin nəzarətçisi Dariuş Sadeqi deyib.
“Sumar sərhəd-keçid məntəqəsi texniki və infrastruktur əməliyyatların keçirilməsi və İranın Yol və Nəqliyyat Təşkilatının bildirişi əsasında müvəqqəti olaraq bağlanıb”, -deyə o bildirib.
Sadeqi əlavə edib ki, Sumar sərhəd-keçid məntəqəsində ötən 4 gün ərzində məhsul ixracı ilə əlaqədar yük maşınlarının keçidi sürətləndirilib. Təkcə çərşənbə (11 noyabr) bu məntəqədən 750 yük maşını keçib.
Gömrük rəsmisi qeyd edib ki, Kirmanşah vilayətinin başqa sərhəd-keçid məntəqələri ilə yükdaşıma və sərnişinlərin keçidi normal qaydada həyata keçirilir və hər hansı problem yoxdur.
Qeyd edək ki, 6 ay ərzində (21 mart -21 sentyabr 2026) Sumar sərhəd-keçid məntəqəsi vasitəsi ilə 368 milyon dollar dəyərində 910 min ton məhsul ixrac olunub. Bu sərhəd-keçid məntəqəsi İran və İraqın ticarət dövriyyəsində əhəmiyyət kəsb edən məntəqələrdən biri hesab olunur.
Əlavə edək ki, İranın Kirmanşah vilayətinin İraqla 371 kilometr birgə sərhədi var. Bu vilayətin sərhəd-keçid məntəqələri vasitəsi ilə ildə orta hesabla 3 milyard dollar məhsul ixrac olunur.
