Bakı. Trend:
Naxçıvanda “meyvə şirəsi və enerji içkisi” adı altında daşınan yükdə 29 kiloqramdan çox metamfetamin aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin Azərbaycan ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb.
“Şahtaxtı” gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Almaniyaya “meyvə şirəsi və enerji içkisi” yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb olunub. Stasionar rentgen qurğusu ilə yoxlama zamanı yükdə şübhəli təsvirlər müşahidə edilib. Bəzi qutuların digərlərindən fərqləndirilməsi üçün yandırılaraq işarələndiyi də müəyyənləşdirilib. Kinoloji xidmət itinin tətbiqi ilə davam etdirilən yoxlama zamanı 11 qutudakı 84 şəffaf plastik butulkada qırmızı rəngli, kəskin iyli maye aşkarlanıb.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin apardığı tədqiqat nəticəsində butulkalardakı mayenin xalis təmiz çəkisi 29 kiloqram 485,111 qram olan psixotrop maddə — metamfetamin olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
