bp: AÇG-də son 10 ilin ən yüksək hasilat göstəricilərinə nail olunub

İqtisadiyyat Xəbər 13 Noyabr 2026 15:20 (UTC +04:00)
bp: AÇG-də son 10 ilin ən yüksək hasilat göstəricilərinə nail olunub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ildə Azəri-Çıraq-Günəşli (AÇG) yatağında qazılmış bir neçə quyuda yataqda 10 ildən artıq müddətdə qeydə alınmamış hasilat göstəricilərinə nail olunub.

Trend-in müxbirinin verdiyi məlumata görə, bu barədə cümə günü bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə geologiya və işlənmə (Subsurface) üzrə vitse-prezidenti Den Sparks SOCAR və bp-nin Enerji Dialoqu Platforması çərçivəsində keçirilən "AÇG-dən maksimum neftverməyə dəstək — yeni yanaşmalar və texnologiya” mövzusunda məlumatlandırma sessiyasında bildirib.

Onun sözlərinə görə, belə nəticələrə bp və SOCAR-ın birgə fəaliyyəti sayəsində nail olunub. Bu əməkdaşlıq çərçivəsində tərəflər mövcud risklərə baxmayaraq, texniki baxımdan mürəkkəb layihələrin həyata keçirilməsini dəstəkləyiblər.

O qeyd edib ki, hətta ayrı-ayrı qərarların gözlənilən nəticəni vermədiyi hallarda belə, SOCAR birgə işi dəstəkləməyə davam edib. Bununla yanaşı, uğurlu layihələr uğursuz cəhdlərin nəticələrini kompensasiya etməyə imkan verib.

Den Sparks həmçinin vurğulayıb ki, AÇG-də neftvermə əmsalının artırılması üzrə işlər yataqda istehsalat fəaliyyətinin yüksək səviyyəsinə əsaslanır. Onun sözlərinə görə, AÇG-də əməliyyatların etibarlılıq göstəricisi davamlı olaraq 99 faizdən yüksəkdir ki, bu da layın məhsuldarlığının artırılmasının əsas şərtlərindən biridir.

“AÇG-nin işlənməsi və ilkin laylardakı neftin əhəmiyyətli hissəsinin hasil edilməsi ilə əlaqədar şirkətlər geoloji quruluşunun daha ətraflı öyrənilməsini tələb edən digər layların mənimsənilməsinə başlayıblar.

Bu baxımdan seysmik tədqiqatların aparılması da daxil olmaqla, məlumatların toplanması və emalına yeni investisiyaların yatırılması zərurəti yaranıb”, – deyə o bildirib.

O, bu investisiyaları bp-nin seysmik tədqiqatlar sahəsində tarixində ən böyük investisiyalar adlandırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti