Bakı. Trend:
Kənd təsərrüfatı məhsullarına 10 faizlik verginin tətbiqi fermerlərin və aqrar sektorun inkişafı üçün əlavə çətinliklər yarada bilər.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev parlamentin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, mayın 26-da qəbul edilən Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsulları istehsalı və emalı sahələrinin inkişafına dair 2006-2030-cu illər üzrə Dövlət Proqramında qarşıya mühüm vəzifələr qoyulub.
Deputatın sözlərinə görə, həmin vəzifələr birbaşa ölkədə ərzaq bolluğunun yaradılmasına istiqamətlənib. Bunun üçün dövlət dəstəyinin artırılması və aqrar sahəyə əlavə maliyyə resurslarının cəlb olunması vacibdir.
T.Rzayev qeyd edib ki, bu il kənd təsərrüfatı xərcləri əvvəlki illə müqayisədə 153 milyon manat artırılıb.
“Bu, çox yaxşı rəqəmdir və ölkədə aqrar sektorun inkişafına öz töhfəsini verəcək”, - deyə o bildirib.
Deputat kənd təsərrüfatı məhsullarına 10 faizlik vergi ödənişlərinin tətbiqinin fermerlər və aqrar sektor üçün müəyyən çətinliklər yarada biləcəyini vurğulayıb.
O bildirib ki, hazırda texniki xidmətlərin və yanacağın qiymətləri bahalaşıb. Belə bir şəraitdə verginin tətbiq edilməsi gələcəkdə fermerlər üçün əlavə problemlərə səbəb ola bilər.
T.Rzayev verginin tətbiqi ilə bağlı müddətin uzadılmasını məqsədəuyğun hesab etmədiyini, əksinə, bu məsələyə yenidən baxılmasının vacibliyini diqqətə çatdırıb.
“Uzun müddətdir kənd təsərrüfatına bu vergilər tətbiq olunmayıb və sahibkarlar müəyyən qədər ayaq üstə durublar. Bundan sonra da bu məsələyə önəm verilsə, daha yaxşı olar”, - deyə deputat əlavə edib.
