Bakı. Trend:
Özünüməşğulluq proqramı çərçivəsində verilmiş əmlakın geri tələb edilməsi üçün inzibati orqan əvvəlcə müvafiq inzibati akt qəbul etməlidir.
Bu hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında baxılmış iş üzrə ifadə olunub.
İşin hallarına əsasən, inzibati orqanla vətəndaş arasında 2024-cü il fevralın 1-də bağlanmış müqaviləyə uyğun olaraq, ona “Broyler inkubatoru” zərfi üzrə inkubator aparatı, generator və yemüyüdən avadanlıq verilib.
2025-ci il fevralın 19-da keçirilmiş monitorinq zamanı avadanlıqların satıldığı müəyyən edilib. İnzibati orqan vətəndaşa xəbərdarlıq məktubu göndərərək əmlakın natura şəklində geri qaytarılmasını tələb edib. Tələb yerinə yetirilmədiyindən məhkəməyə müraciət olunub.
Bakı İnzibati Məhkəməsi iddianı mümkün saymayıb. Məhkəmə bildirib ki, əmlakın geri qaytarılması məsələsi inzibati orqanın öz səlahiyyətləri çərçivəsində müvafiq inzibati akt qəbul etməsi yolu ilə həll oluna bilər. Apellyasiya instansiyası məhkəməsi də həmin qərardadı dəyişdirilmədən qüvvədə saxlayıb.
İşə kassasiya qaydasında baxan Ali Məhkəmə qeyd edib ki, özünüməşğulluq proqramı üzrə əmlakın verilməsi iki mərhələli inzibati prosedur əsasında həyata keçirilir. Əvvəlcə şəxsin özünüməşğulluğa cəlb edilməsi barədə inzibati akt qəbul olunur, daha sonra həmin akt əsasında inzibati müqavilə bağlanılır.
Ali Məhkəmənin hüquqi mövqeyinə görə, vətəndaş müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə inzibati orqan ilk növbədə əvvəlki əlverişli inzibati aktın ləğvi, müqaviləyə xitam verilməsi və əmlakın, yaxud onun dəyərinin geri tələb edilməsi barədə müvafiq inzibati akt qəbul etməlidir.
Məhkəmə vurğulayıb ki, inzibati orqanlar qanunvericiliklə onlara verilmiş səlahiyyətlərdən istifadə edərək müvafiq qərarları özləri qəbul etməlidirlər. Məhkəməyə müraciət isə yalnız qanunla nəzərdə tutulmuş hallarda sonuncu hüquqi vasitə kimi çıxış etməlidir.
