Bakı.Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) "Brent" markalı neftin orta qiymətinin 2026-cı ildə bir barel üçün proqnozlaşdırılan 96 dollardan 2027-ci ildə 86 dollara enəcəyini gözləyir.
Bu barədə BVF-nin Qərb yarımkürəsi departamentinin “Cənubi Amerika II” şöbəsinin müdiri və Argentinadakı missiyasının rəhbəri Roberto Kardarelli “Qafqaz və Mərkəzi Asiya: qeyri-müəyyənliyin aradan qaldırılması” adlı regional iqtisadi icmalın təqdimatında bildirib.
Onun sözlərinə görə, bu göstəricilər fondun neft qiymətləri ilə bağlı öz proqnozlarına deyil, fyuçers müqavilələrinin kotirovkalarında əks olunan bazar gözləntilərinə əsaslanır.
“Yaxın Şərqdə müharibənin başa çatacağını ehtimal edirik. Hadisələrin əslində necə inkişaf etməsindən asılı olmayaraq, gələn il neft qiymətlərinin azalacağını gözləyirik”, – deyə Kardarelli qeyd edib.
O izah edib ki, bu ehtimal Hörmüz boğazı və Fars körfəzi vasitəsilə enerji daşıyıcılarının ticarətinin normallaşacağı gözləntisinə əsaslanır.
Ərzaq qiymətlərinə gəlincə, BVF gübrə çatışmazlığı, “El-Nino” təbiət hadisəsi və iqlim dəyişiklikləri səbəbindən qiymətlərə artım təzyiqinin davam edəcəyini gözləyir. Bununla belə, fond qiymət artımının əvvəlki dövrlərlə müqayisədə mülayim olacağını ehtimal edir.
Bundan əlavə, proqnozlar ABŞ Federal Ehtiyat Sisteminin (FED), eləcə də avrozonada və Yaponiyada faiz dərəcələrinin müəyyən qədər artırılmasını nəzərdə tutur.
Kardarelli vurğulayıb ki, BVF-nin neft və ərzaq qiymətləri, eləcə də faiz dərəcələri ilə bağlı əsas götürdüyü fərziyyələr nisbətən əlverişlidir.
Bu fərziyyələr əsasında fond dünya iqtisadiyyatının artımının 2026-cı ildə təxminən 3 faiz, 2027-ci ildə isə 3,5 faiz təşkil edəcəyini gözləyir.
BVF, həmçinin cari ildə inflyasiyanın yüksəlməsindən sonra onun tədricən azalacağını proqnozlaşdırır. Bununla belə, bu proses iyul ayında gözləniləndən bir qədər ləng gedə bilər.
