Yaponiya müdafiə xərclərini azaltmaq imkanını nəzərdən keçirir

Dünya xəbərləri Xəbər 13 Noyabr 2026 08:55 (UTC +04:00)
Yaponiya müdafiə xərclərini azaltmaq imkanını nəzərdən keçirir

Bakı. Trend:

Yaponiya hökuməti büdcə məhdudiyyətlərini nəzərə alaraq, qarşıdakı beş il üçün nəzərdə tutulan müdafiə xərclərinin əhəmiyyətli dərəcədə azaldılması variantını müzakirə edir. Bu addım F-35 qırıcıları və raket sistemləri də daxil olmaqla, silahlanma proqramlarına yenidən baxılmasına gətirib çıxara bilər.

Bu barədə “Reuters” agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Mənbələrin məlumatına görə, Yaponiya Maliyyə Nazirliyi növbəti beşillik dövr üçün müdafiə sektoruna 50-60 trilyon yen (313-376 milyard ABŞ dolları) ayrılmasını təklif edir. Bu vəsait hazırkı beşillik proqramda nəzərdə tutulan 43 trilyon yendən (269 milyard dollar) çox olsa da, Müdafiə Nazirliyi və hakim Liberal Demokrat Partiyasının nümayəndələrinin tələb etdiyi məbləğdən təxminən 30 faiz azdır.

Ölkənin müdafiə potensialının gücləndirilməsini dəstəkləyən qüvvələr isə beşillik hərbi büdcənin 80 trilyon yenə (təxminən 500 milyard dollar) yüksəldilməsini istəyirlər.

Agentliyin məlumatına əsasən, maliyyələşmənin məhdudlaşdırılması Tokio hökumətini silah tədarükü planlarına ciddi dəyişikliklər etməyə vadar edə bilər. Belə ki, bəzi raket sistemlərinin və F-35 qırıcıları da daxil olmaqla, hərbi aviasiya texnikasının alınması həcminin 50 faizədək azaldılması gündəmə gələ bilər.

Bununla yanaşı, Maliyyə Nazirliyinin təklif etdiyi büdcə Yaponiyanın müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2 faizinə çatdırmaqla bağlı əvvəlki hədəfinin reallaşdırılmasını çətinləşdirə bilər.

Mənbələr bildirirlər ki, büdcə məhdudiyyətləri digər iri dövlət proqramlarının maliyyələşdirilməsi ehtiyacı ilə bağlıdır. Baş nazir Sanae Takaiçi daha əvvəl iqtisadi artımı sürətləndirmək və ərzaq məhsullarına tətbiq edilən istehlak vergisini azaltmaq üçün tədbirlər görəcəyini vəd edib. Bu təşəbbüslər isə dövlət büdcəsinin gəlirlərinin azalmasına səbəb ola bilər.

Müdafiə xərclərinin artırılmasının tərəfdarlarının Maliyyə Nazirliyinin təklifinə qarşı çıxacağı gözlənilir.

Yaponiya hökumətinin ilin sonunadək müdafiə siyasətinə dair üç əsas sənədin, o cümlədən Milli Təhlükəsizlik Strategiyasının və müdafiə potensialının inkişafı üzrə beşillik proqramın yenilənmiş variantlarını təsdiqləyəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti