Bakı. Trend:
Valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində indiyədək 8 min uşaq məktəbəqədər təhsilə cəlb edilib.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Bildirilib ki, bu model çərçivəsində xidməti özəl məktəbəqədər təhsil müəssisələri göstərir, dövlət isə hər bir uşaq üçün təhsil haqqının 70 faizini ödəyir.
"Mövcud qiymətlərlə dövlət tərəfindən Bakıda aylıq 300-350 manatdan çox olmamaq şərtilə, regionlarda isə 250 manatdan çox olmamaq şərtilə ödəniş həyata keçirilir.
Növbəti il bu təşəbbüsün reallaşdırılması üçün 37,5 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsait hesabına 12 min uşağın özəl sektorun imkanlarından istifadə etməklə məktəbəqədər təhsilə cəlb edilməsi planlaşdırılır.
2030-cu ilədək isə bu model vasitəsilə 30 min uşağın məktəbəqədər təhsillə əhatə olunması hədəflənir", - deyə qeyd edib
Çıxışda vurğulanıb ki, təşəbbüs çərçivəsində ayrılan vəsaitlərin böyük hissəsi dolayı yollarla yenidən dövlət büdcəsinə qayıdır.
