Bakı. Trend:
Bəzi dövlət qurumları və nazirliklər dünyanın nüfuzlu universitetlərində təhsil almış azərbaycanlı gənclərin ölkəyə qayıdaraq işlə təmin olunması prosesinə lazımi diqqət göstərmir, hətta onların işə qəbuluna əsassız imtahan və iş təcrübəsi tələbləri ilə maneələr yaradır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Müşfiq Məmmədli parlamentin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, xaricdə təhsil almış məzunların ölkəyə qayıtması və onların potensialından səmərəli istifadə edilməsi xüsusi diqqətdə saxlanılmalıdır.
Onun sözlərinə görə, əsas məqsəd həmin gənclərin qazandıqları bilikləri, müasir texnologiyaları və beynəlxalq təcrübəni Azərbaycanın inkişafına yönəltməkdir.
M.Məmmədli qeyd edib ki, bunun üçün dövlət qurumları, universitetlər və özəl sektor arasında əlaqələndirmə gücləndirilməli, proqram məzunlarının ixtisaslarına uyğun məşğulluq imkanları genişləndirilməlidir.
Deputat bəzi dövlət qurumlarının və nazirliklərin bu prosesə lazımi diqqət göstərməməsindən təəssüfləndiyini bildirib.
O vurğulayıb ki, bəzi hallarda hətta dünya universitetləri reytinqində ilk 20-likdə yer alan ali təhsil müəssisələrini yüksək göstəricilərlə bitirmiş azərbaycanlı gənclər üçün əsassız imtahan tələbləri və iş təcrübəsi baryerləri yaradılır.
“Bu da onların qısa zamanda işlə təmin olunaraq digər dünya ölkələrinə yönəlməsinə səbəb olur”, – deyə deputat bildirib.
M.Məmmədli başqa bir problemə də diqqət çəkib. O qeyd edib ki, məzunların iş müraciətlərini dəyərləndirən şəxslərin bəzən xarici dil bilikləri və yüksək texnologiyalar sahəsində bacarıqları kifayət qədər olmur.
Deputatın fikrincə, bu amil də yüksək potensiala malik gənclərin işə qəbulunun qiymətləndirilməsi prosesində problemlər yaradır.
