İnflyasiya Qafqaz və Mərkəzi Asiya iqtisadiyyatları üçün əsas çağırışdır - Beynəlxalq Valyuta Fondu

Maliyyə Xəbər 13 Noyabr 2026 14:07 (UTC +04:00)
İnflyasiya Qafqaz və Mərkəzi Asiya iqtisadiyyatları üçün əsas çağırışdır - Beynəlxalq Valyuta Fondu
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
İngilis dili xidmətinin rəhbəri Bütün xəbərlər

Bakı.Trend:

İnflyasiya Qafqaz və Mərkəzi Asiya ölkələrinin makroiqtisadi sabitliyi üçün əsas çağırış olaraq qalır. İnflyasiyanın daha da azaldılması ardıcıl iqtisadi siyasət tədbirlərinin, ilk növbədə isə pul-kredit siyasəti sahəsində tədbirlərin həyata keçirilməsini tələb edir.

Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Roberto Kardarelli BVF-nin 2026-cı ilin noyabr ayı üzrə Qafqaz və Mərkəzi Asiyanın regional iqtisadi icmalına həsr olunmuş dəyirmi masa çərçivəsində bildirib.

"Regionda makroiqtisadi sabitlik üçün əsas problemin inflyasiya olduğuna şübhəmiz yoxdur", - deyə o qeyd edib.

Kardarellinin sözlərinə görə, inflyasiya təzyiqləri həm daxili, həm də xarici amillərlə şərtlənir. Xüsusilə, dayanıqlı səviyyəni üstələyən daxili tələbatın yüksək artım tempi qiymətlərə əlavə təzyiq yaradır. Eyni zamanda, inflyasiyaya xarici şoklar da təsir göstərir.

O, inflyasiyanın hədəf göstəricilərinə qaytarılması baxımından pul-kredit siyasətinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, inflyasiyanın yüksək ikirəqəmli səviyyələrdən ilkin mərhələdə azaldılması nisbətən asan olsa da, sonrakı azalma prosesi daha mürəkkəb xarakter alır.

"İnflyasiyanı yüksək ikirəqəmli səviyyədən 10 faizdən aşağı salmaq nisbətən asandır. Lakin onu daha da azaltmaq çətinləşir. Bu, arıqlamağa bənzəyir: ilk kiloqramları atmaq asandır, sonrakıları isə xeyli çətin. Amma başqa yol yoxdur", - deyə Kardarelli bildirib.

BVF-nin regional iqtisadi icmalının hazırlanması metodologiyasından danışan fondun nümayəndəsi izah edib ki, icmalın əsas hissəsi son iqtisadi tendensiyaların təhlilinə və növbəti beş il üçün proqnozlara həsr olunur. Xüsusilə, oktyabr buraxılışında əvvəlki icmalın aprel ayında dərc edilməsindən sonra baş verən dəyişikliklər nəzərdən keçirilir.

Daha uzun dövrü əhatə edən məlumatlardan isə əsasən regionda struktur dəyişikliklərinə həsr olunmuş analitik bölmələrdə istifadə edilir. Bu yanaşma, xüsusilə, enerji şoklarının inflyasiyaya təsirinin necə dəyişdiyini və ölkələrin ticarətin şaxələndirilməsi istiqamətində əldə etdikləri irəliləyişi qiymətləndirməyə imkan verir.

Kardarelli həmçinin qeyd edib ki, regional icmalın məqsədi ayrı-ayrı ölkələrin iqtisadiyyatını ətraflı təhlil etmək deyil, regionun iqtisadiyyatlarına təsir göstərən ümumi tendensiyaları və amilləri müəyyənləşdirməkdir.

"Biz ümumi tendensiyaları və amilləri müəyyən etmək üçün ölkələri bir araya gətirməyə və müqayisə etməyə çalışırıq. Hesab edirəm ki, hətta bir-birindən çox fərqlənən ölkələri birlikdə nəzərdən keçirməklə də öyrəniləsi çox şey var", - deyə o izah edib.

O, bu ümumi amillər sırasında nəqliyyat əlaqələrinin inkişafını, Orta Dəhlizi və qlobal ticarət axınlarında baş verən dəyişiklikləri xüsusi qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti