Bakı. Trend:
Azərbaycan Mətbuat Şurası azərbaycançılıq ideologiyasının media müstəvisində fasiləsiz və ardıcıl təbliği ilə bağlı tövsiyə mətni hazırlayacaq.
Bu barədə Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən “Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda dəyirmi masada qərara gəlinib.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu müasir Azərbaycan dövlətçiliyinin, milli birliyin və inkişaf modelinin əsasında azərbaycançılıq ideologiyasının dayandığını bildirib.
O qeyd edib ki, bu ideologiya tarixi ənənələrdən qaynaqlanmaqla yanaşı, dövlətə sədaqəti, milli maraqların qorunmasını, müstəqil siyasi iradəni və ümummilli məqsədlər ətrafında birliyi təşviq edir. İnformasiya texnologiyalarının siyasi təsir vasitəsinə çevrildiyi, sosial şəbəkələrin ictimai şüura müdaxilə imkanlarının genişləndiyi hazırkı dövrdə bu prinsiplərin qorunmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
V.Zifəroğlu bildirib ki, dövlətlərin müstəqilliyi yalnız sərhədlərin toxunulmazlığı, iqtisadi potensial və hərbi qüdrətlə ölçülmür. İnformasiya məkanının qorunması, ictimai şüurun kənar manipulyasiyalardan müdafiəsi və cəmiyyətin ideoloji bütövlüyünün təmin olunması da mühüm şərtlərdəndir.
Şura sədri azərbaycançılıq fəlsəfəsinin banisi Ulu Öndər Heydər Əliyev, onun əməli fəaliyyəti ilə dolğun məzmun qazandığı Prezident İlham Əliyev tərəfindən inkişaf etdirildiyini qeyd edib. Onun sözlərinə görə, bu ideologiyaya dərindən bələd olmaq informasiya təhlükəsizliyinin və cəmiyyətin müqavimət qabiliyyətinin gücləndirilməsində mühüm rol oynayır.
V.Zifəroğlu bildirib ki, Mətbuat Şurası media resurslarında və sosial şəbəkələrdə Azərbaycanla bağlı yayılan təhrif olunmuş məlumatlara həssas yanaşıb, bu hallarla əlaqədar bəyanatlar verib və müxtəlif tematik tədbirlər keçirib. O, bugünkü müzakirələrin də media müstəvisində manipulyativ hallara qarşı mübarizənin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Dəyirmi masada çıxış edən Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov azərbaycançılıq ideyasının dərin tarixi köklərə malik olduğunu, onun praktik şəkildə inkişaf etdirilməsinin və ideoloji obraz qazanmasının vacibliyini vurğulayıb. O, azərbaycançılığın xalqın etnoqrafik özünəməxsusluğu ilə bağlı olduğunu, cəmiyyətdəki tolerantlıq mühitinin formalaşmasında müxtəlif etnosların və dinlərin birgəyaşayışının rolunu qeyd edib. N.Cəfərov bu ideologiyanın inkişaf mərhələlərinin mediada müntəzəm və peşəkar işıqlandırılmasını cəmiyyətin azərbaycançılıq ətrafında birləşməsi baxımından mühüm amil kimi dəyərləndirib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə azərbaycançılıq ideyasının XIX əsrin ikinci yarısından başlayan təkamül mərhələsinə diqqət çəkib. O, müasir dövrdə bu ideyanın məfkurəyə çevrilməsində Ulu Öndər Heydər Əliyevin tarixi rolunu vurğulayaraq, vahid ideoloji vəhdətin Azərbaycan xalqını Zəfərə apardığını bildirib.
Deputat Ceyhun Məmmədov azərbaycançılıq ideologiyasının milli dəyərlərin qorunmasındakı rolundan, ayrı-ayrı sahələrdə ifrat meyillərin yaratdığı zərərlərdən danışıb. O, milli dəyərlərdən uzaqlaşma meyillərinin qarşısının alınmasında medianın maarifləndirici roluna diqqət çəkib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin azərbaycançılığın ideoloji əsaslarının formalaşmasında xidmətlərini qeyd edib. O bildirib ki, hazırda medianın və bütövlükdə cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri ideoloji səfərbərliyi daim yüksək səviyyədə saxlamaqdır.
Tarix üzrə fəlsəfə doktoru, tədqiqatçı jurnalist Cavid İsmayıl azərbaycançılığı daim yenilənən və yeni aspektlər qazanan ideologiya kimi xarakterizə edib. O, bu ideyanın 1990-cı illərin əvvəllərində xalq birliyinin formalaşmasında, eləcə də 2020-ci ildə torpaqların işğaldan azad edilməsində mühüm rol oynadığını bildirib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri Elçin Alıoğlu isə medianın müasir texnoloji yeniliklərə dərindən bələd olmasının milli dəyərlərin qorunmasına yönələn fəaliyyət baxımından əhəmiyyətini vurğulayıb və bu sahədəki tendensiyalardan danışıb.
Dəyirmi masada, həmçinin Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvləri – “Xalq qəzeti”nin baş redaktorunun birinci müavini Hümbət Musayev və Bayraqdar Media-nın rəhbəri Azər Həsrət çıxış ediblər. Onlar azərbaycançılıq ideologiyasının cəmiyyətdə birləşdirici missiyasına, jurnalist peşəkarlığının manipulyasiyaların qarşısının alınmasındakı roluna və medianın ictimai rəyin düzgün istiqamətləndirilməsindəki əhəmiyyətinə toxunublar.
İştirakçılar xalqımıza yad təmayüllərin və bölücülük meyillərinin cəmiyyətin norma və prinsiplərinə mənfi təsirlərinin qarşısının alınması üçün azərbaycançılıq ideologiyasının mediada ardıcıl təbliğinin vacibliyini vurğulayıblar.
