ADY-nin sərnişindaşımaları 19, yükdaşımaları 13 faiz artıb (FOTO)

İqtisadiyyat Xəbər 13 Noyabr 2026 15:14 (UTC +04:00)
ADY-nin sərnişindaşımaları 19, yükdaşımaları 13 faiz artıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar–oktyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 9,8 milyon sərnişin və 15,7 milyon ton yük daşınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişindaşımalar 19 faiz, yükdaşımalar isə 13 faiz artıb.

ADY-dən verilən məlumata görə, bu barədə qurumun rəhbərliyinin ictimai nəqliyyat, beynəlxalq nəqliyyat dəhlizləri, logistika və turizm sahələri üzrə ekspertlərlə görüşündə məlumat verilib.

Bildirilib ki, oktyabrda 1,3 milyondan çox sərnişin daşınaraq aylıq sərnişin sayına görə ən yüksək göstərici qeydə alınıb. Abşeron dairəvi dəmir yolu marşrutu üzrə gündəlik sərnişin sayı isə son iki ildə 36 mindən 52 min nəfərə yüksəlib.

Görüşdə Bakı–Balakən və Bakı–Ağdam marşrutlarının bərpası, Bakı–Ağstafa marşrutunun Qazaxa qədər uzadılması, Gəncə–Qəbələ istiqamətində gündəlik sərnişindaşımanın təşkili, eləcə də Bakı–Tbilisi–Bakı beynəlxalq dəmir yolu əlaqəsinin yenidən fəaliyyətə başlaması barədə məlumat verilib.

Abşeronda sərnişin sıxlığının azaldılması, hərəkət cədvəlinin optimallaşdırılması, Xırdalan istiqamətində infrastrukturun yenilənməsi, Bakı–Xırdalan–Sumqayıt və Bakı–Pirşağı–Sumqayıt xətlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Yeni şəhərətrafı xətlərin bərpası və 20 yeni sərnişin qatarının alınması üzrə görülən işlər də diqqətə çatdırılıb.

Qeyd olunub ki, cari ilin ilk 10 ayında tranzit daşımaların həcmi 20 faiz artıb. Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Bakı Limanında isə yanvar–oktyabr aylarında konteyner aşırmalarının həcmi 31 faiz artaraq 112 mindən çox TEU təşkil edib. Bunun rekord göstərici olduğu vurğulanıb.

Görüşdə Orta Dəhliz və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi, Astara Terminalının inşası və Bakı Limanının imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

ADY sədri Rövşən Rüstəmov sərnişin məmnuniyyətinin yüksəldilməsi, xidmət keyfiyyətinin artırılması, təhlükəsiz və dayanıqlı daşımaların təmin edilməsinin əsas prioritetlər sırasında olduğunu bildirib.

Müzakirələrdə rəqəmsal xidmətlərin təkmilləşdirilməsi, logistika zəncirində darboğazların aradan qaldırılması, vaqon parkının genişləndirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və dəmir yolu nəqliyyatının turizmin inkişafındakı rolu da nəzərdən keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti