Azərbaycan öz dəyərlərinə sadiqliyini qoruyur - Günay Əfəndiyeva

Mədəniyyət Xəbər 13 Noyabr 2026 15:43 (UTC +04:00)
Azərbaycan öz dəyərlərinə sadiqliyini qoruyur - Günay Əfəndiyeva
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın son 15 ildə keçdiyi inkişaf yolu, ərazi bütövlüyünü bərpa etməsi və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi ölkənin mədəniyyətlərarası dialoq sahəsindəki təşəbbüslərinin əhəmiyyətini daha da artırıb. Bununla yanaşı, Azərbaycan öz milli-mənəvi dəyərlərinə sadiqliyini qoruyub.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Günay Əfəndiyeva “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirədə deyib.

O bildirib ki, mədəniyyətlərarası dialoq üzrə beynəlxalq forum Azərbaycanın təşkil etdiyi ən mötəbər tədbirlərdən biridir. Deputat 15 il əvvəl xaricdə olduğu və Azərbaycanın Bakı Prosesi təşəbbüsünü yeni irəli sürdüyü dövrdən etibarən bu prosesin inkişafını yaxından izlədiyini qeyd edib.

Deputatın sözlərinə görə, həmin dövrdə dünyanın müxtəlif ölkələrində dini və etnik qarşıdurmalar baş verir, bəzi siyasətçilər mədəniyyətlərarası dialoqun əhəmiyyətini inkar edirdilər. Belə bir şəraitdə Azərbaycan tamamilə fərqli və cəsarətli mövqe nümayiş etdirərək dialoqu və qarşılıqlı anlaşmanı təşviq edirdi.

O qeyd edib ki, ötən 15 il ərzində çox şey dəyişib. Azərbaycan ərazi bütövlüyünü bərpa edib, öz əzəli torpaqlarına qovuşub və bununla da tarixi ədaləti bərpa etməklə yanaşı, öz şərəfini də ucaldıb.

Deputatın sözlərinə görə, Azərbaycan öz sözünün sahibi, verdiyi sözə sadiq, sözü ilə əməli üst-üstə düşən və etibarlı tərəfdaş olduğunu nümayiş etdirib.

Günay Əfəndiyeva Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışının bu məqamları əhatəli şəkildə izah etdiyini vurğulayıb. O bildirib ki, həmin çıxış tarixi köklərə əsaslanan və bu gün də davam edən siyasi fəlsəfəni özündə ehtiva edir.

“Bu 15 ildə hər şey dəyişdi, amma bir şey dəyişmədi – Azərbaycanın öz dəyərlərinə sadiq qalması”, – deyə o qeyd edib.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin çıxışı bir çox aspektləri əhatə edib və ictimai müzakirədə həmin məsələlərin ətraflı nəzərdən keçirilməsi nəzərdə tutulur.

O, Prezident İlham Əliyevin fikirlərini beynəlxalq ictimaiyyətə çatdırarkən cəsarət, qətiyyət, səmimiyyət və diplomatik məharət nümayiş etdirdiyini bildirib.

Günay Əfəndiyevanın fikrincə, Prezidentin forumdakı çıxışı, ilk növbədə, sülhə, əmin-amanlığa və qarşılıqlı hörmətə çağırış idi.

“Düşünürəm ki, qarşılıqlı hörmət çağırışına xaricdəki insanlar daha çox anlayışla yanaşsalar, bəlkə bizim dünyamız da daha təhlükəsiz olar”, – deyə deputat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti