Bakı.Trend:
Azərbaycan Biznesinin İnkişafı Fondu 2026-cı ilin yanvar-oktyabr aylarında investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 500-ə yaxın qadın sahibkara ümumilikdə 22 milyon manatdan çox güzəştli kredit ayırıb.
Bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, vəsaitlər kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye istehsalı, akvakultura, turizm və xidmət sahələrində layihələrin həyata keçirilməsinə yönəldilib.
"Bu gün ölkədə fərdi sahibkar kimi qeydiyyatda olan qadınların sayı 363 mini ötür .Təsisçi qadın olan kommersiya hüquqi şəxslərin sayı 34 mindən çoxdur. Rəhbəri qadın olan kommersiya qurumlarının sayı isə 30 mindən çoxdur. Bununla yanaşı İqtisadiyyat Nazirliyinin xətti ilə qadın sahibkarlara qrantlar ayrılıb, innovasiya fəaliyyətində əldə etdikləri gəlirlər üçün mənfəət və gəlir vergisindən azad edilən startap şəhadətnamələri verilir.", -deyə o bildirib.
Onun sözlərinə görə, mindən çox qadın sahibkara yerli və beynəlxalq sərgi və yarmarkalarda iştirak, eləcə də ticarət şəbəkələrinə çıxış imkanlarının əldə edilməsi üçün dəstək göstərilib.
