SOCAR və bp AÇG yataqlarında neftvermə əmsalının 40 faizi ötəcəyini qiymətləndirib

İqtisadiyyat Xəbər 13 Noyabr 2026 14:46 (UTC +04:00)
SOCAR və bp AÇG yataqlarında neftvermə əmsalının 40 faizi ötəcəyini qiymətləndirib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

SOCAR və bp Azəri-Çıraq-Günəşli (AÇG) yatağında neftvermə əmsalının yekun göstəricisinin 40 faizi ötə biləcəyi barədə razılığa gəliblər.

Trend-in müxbirinin verdiyi məlumata görə, bu barədə cümə günü SOCAR-ın vitse-prezidenti Babək Hüseynov SOCAR və bp-nin Enerji Dialoqu Platforması çərçivəsində keçirilən “AÇG-dən maksimum neftverməyə dəstək — yeni yanaşmalar və texnologiya” mövzusunda məlumatlandırma sessiyasında bildirib.

Onun sözlərinə görə, AÇG təkcə Azərbaycan üçün deyil, həm də dünya neft-qaz sənayesi üçün əsas aktivlərdən biridir. Yataqdan artıq milyardlarla barel neft hasil edilib, qarşıda isə hələ milyardlarla barel neftin çıxarılması perspektivi var.

O qeyd edib ki, AÇG dünyada ən yaxşı kollektor xüsusiyyətlərinə malik yataqlardan biridir. Yatağın potensialı qiymətləndirilərkən layın keçiriciliyi və məsaməliliyi, eləcə də ölçüləri kimi parametrlər nəzərə alınır.

“Şübhəsiz ki, yatağın hasilatın sabit səviyyəsinə çatdığı və bundan sonra təbii azalma mərhələsinə keçdiyi sirr deyil. Milli neft-qaz şirkəti kimi SOCAR-ın vəzifəsi bu aktivdən maksimum səmərə əldə olunmasını təmin etməkdir”, - deyə Babək Hüseynov bildirib.

O vurğulayıb ki, SOCAR yatağın potensialının ayrıca müstəqil qiymətləndirilməsini aparmamaq, bunun əvəzinə layihənin operatoru bp ilə birlikdə yekun neftvermə əmsalını müəyyənləşdirmək qərarına gəlib.

Onun sözlərinə görə, birgə təhlillərdən sonra tərəflər bu göstəricinin 40 faizi ötə biləcəyi qənaətinə gəliblər. Bu zaman neftin keyfiyyəti və mövcud infrastruktur da nəzərə alınıb.

B.Hüseynov həmçinin qeyd edib ki, belə bir neftvermə əmsalına nail olunması neft yataqlarının işlənməsi üzrə dünya təcrübəsində ən yaxşı göstəricilərdən biri olardı.

Bu iş çərçivəsində SOCAR ilkin texniki qiymətləndirmə mərhələsində layihələrin iqtisadi səmərəlilik meyarına əsasən siyahıdan çıxarılmamasını bp-yə təklif edib.

SOCAR-ın vitse-prezidenti əlavə edib ki, şirkət AÇG yatağının potensialına dair öz müstəqil texniki qiymətləndirməsini hazırlayıb. Bunun əsasında SOCAR və bp yataqda neftvermənin artırılmasına yönəlmiş layihələrin siyahısını birgə müəyyənləşdirirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti