Bakı.Trend:
Rusiyanın Sankt-Peterburq şəhərində bıçaqla silahlanmış Azərbaycanlı kişi qadınlara yardım mərkəzinin girişində keçmiş vətəndaş nikahından olan həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib.
Bu barədə "Gazeta" Rusiya hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.
O, hadisə yerindən qaçsa da, bir qədər sonra özü polisə zəng edərək cinayət törətdiyini etiraf edib. Məlum olub ki, qadın əvvəllər dəfələrlə döyülməsi ilə bağlı polisə müraciət edib, sentyabr ayında isə evdən qaçaraq sosial mərkəzdə sığınacaq tapıb. Lakin kişi onun yerini müəyyənləşdirə bilib. Həmçinin məlum olub ki, cinayətkar əvvəllər terrorçuluqla əlaqəli maddə üzrə məhkum olunub.
Sankt-Peterburqda kişi qadınlara yardım mərkəzinin girişində keçmiş sevgilisini 8 dəfə bıçaqlayaraq öldürüb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər üzrə Baş İdarəsinin "Telegram" kanalında məlumat verilib.
“27 yaşlı zərərçəkən təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılmaq üçün aparılsa da, aldığı xəsarətlərdən yolda dünyasını dəyişib”, – deyə qurumun mətbuat xidmətindən bildirilib.
Qurumun nümayəndələri əlavə ediblər ki, 28 yaşlı qatil Vavilovı küçəsində törətdiyi cinayətdən sonra avtomobillə hadisə yerindən qaçıb. Qısa müddət sonra polis əməkdaşları Milli Qvardiyanın (Rosqvardiya) hərbçiləri ilə birlikdə onu Kosıgina prospektindəki mənzildə saxlayıblar. Şübhəli şəxs öz təqsirini etiraf edib.
Faktla bağlı “Xüsusi amansızlıqla qətl” maddəsi üzrə cinayət işi başlanıb.
“Fontanka”nın məlumatına görə, kişi ilə qətlə yetirilən qadın əvvəllər birlikdə yaşayıblar. Lakin kişi nikahdankənar həyat yoldaşını mütəmadi olaraq döyüb. Sentyabr ayında qadın artıq buna dözməyərək ondan qaçıb və gizlənməyə başlayıb.
Keçmiş birlikdə yaşadığı kişi qadının getməsinə razı olmayıb və onun əvəzinə polisə qızın itkin düşməsi ilə bağlı ərizə ilə müraciət edib. Bununla belə, polis əməkdaşları qadının yoxa çıxmasında kişinin özünün də əli ola biləcəyini ehtimal ediblər. Lakin hüquq-mühafizə orqanlarının onun barəsində tədbir görməsi üçün əsas olmayıb. Kişi qadını özü də fəal şəkildə axtarıb. Keçmiş nikahdankənar həyat yoldaşının sosial yardım mərkəzlərindən birində olduğunu öyrəndikdən sonra müxtəlif müəssisələrin qarşısında onu gözləməyə başlayıb. Nəhayət, qadının böhran mərkəzindən çıxdığını görüb.
“78” telekanalının məlumatına görə, mərhum qadın dəfələrlə polisə müraciət edərək məişət zorakılığına məruz qalmasından şikayət edib. Jurnalistlərin məlumatına əsasən, onun beş yaşlı oğlu da qalıb. Telekanalın bildirdiyinə görə, şübhəlinin adı Yaqub S.-dir və onun üç övladı var. “Fontanka” dəqiqləşdirir ki, uşaqlardan biri cütlüyün ümumi övladıdır. Bildirilir ki, kişi Azərbaycanda doğulub, lakin Rusiya vətəndaşıdır və bir müddət Dağıstanda yaşayıb.
