Bakı. Trend:
Ötən gecə Hörmüz boğazının şərqində qanunu pozan bir neft tankeri dəniz minasına düşüb və yanğın baş verib.
Bu barədə İran ordusunun ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.
“Öncədən verilən xəbərdarlıqlara diqqət yetirməyən və qanunu pozaraq Hörmüz boğazından keçməyə cəhd edən bir neft tankeri GPS sistemlərini söndürərək Hörmüz boğazının təhlükəli hissəsindən keçməyə çalışıb. Lakin sözügedən neft tankeri dəniz minasına düşüb və yanğın baş verib”, -deyə məlumatda qeyd olunur.
İran ordusu bildirir ki, Hörmüz boğazının şərq hissəsində qadağan olunmuş marşrutdan keçməyə cəhd edən hər bir neft tankeri dəniz minasına düşərək yanacaq. Neft tankerləri sahiblərinin qanunu pozan başqa gəmilərin vəziyyətini nəzərə alaraq öz sərmayələrini minaların üzərinə göndərmələri təəssüf doğurur.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.
