Bakı. Trend:
Cari ildə dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi
çərçivəsində birinci rüb üzrə 10, ikinci rüb üzrə isə 22
müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar
hazırlanıb. Hazırda daha 35 müəssisənin III rüb üzrə maliyyə
göstəricilərinin təhlili aparılır.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, noyabrın 13-də Azərbaycan Respublikası Maliyyə
Nazirliyində keçirilən növbəti Kollegiya iclasında dövlət
müəssisələri ilə işin təşkili istiqamətində görülmüş işlər və
növbəti dövr üçün qarşıda duran vəzifələr, eləcə də cari məsələlər
müzakirə olunub.
Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların
rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri,
Kollegiyanın sədri Sahil Babayev bildirib ki, cari ilin 10 ayı
ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilmiş məqsədyönlü siyasət sayəsində ölkəmizin sosial-iqtisadi
inkişafında müsbət nəticələrə nail olunub, maliyyə mövqelərimiz
daha da möhkəmlənib,dövlət büdcəsinin icrasında müsbət dinamika
davam edib.
Nazir dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirilən
islahatlar çərçivəsində institusional və normativ-hüquqi bazanın
təkmilləşdirilməsi, dövlət müəssisələrinin maliyyə fəaliyyətinə
nəzarət mexanizmlərinin gücləndirilməsi, şəffaflığın və
hesabatlılığın artırılması istiqamətində mühüm tədbirlər
görüldüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət
müəssisələrinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi,
maliyyə dayanıqlığının gücləndirilməsi və fiskal risklərin effektiv
idarə olunması bu istiqamətdə həyata keçirilən islahatların əsas
prioritetlərindəndir.
İclasda dövlət müəssisələri ilə işin təşkili istiqamətində cari
ilin yanvar-oktyabr ayları üzrə görülmüş işlər və qarşıda duran
vəzifələr barədə məruzə dinlənilib. Bildirilib ki, Azərbaycan
Respublikası Prezidentinin müvafiq fərmanları ilə dövlət
müəssisələrinin maliyyə fəaliyyətinin monitorinqi və təhlili üzrə
Maliyyə Nazirliyinə həvalə edilmiş səlahiyyətlərin icrası
çərçivəsində Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin
fəaliyyəti təşkil edilib və zəruri institusional tədbirlər həyata
keçirilib. Eyni zamanda, dövlət müəssisələrinin hesabatlarının
elektron qaydada təqdim olunması məqsədilə Dövlət Müəssisələrinin
Rəqəmsal Monitorinqi informasiya sistemi istifadəyə verilib,
məlumat və hesabat formaları təsdiq edilib, müəssisələrin yeni
sistemə uyğunlaşması üçün təlimlər keçirilib.
Qeyd olunub ki, görülmüş işlər beynəlxalq təşkilatlar tərəfindən də
yüksək qiymətləndirilib. Belə ki, Beynəlxalq Valyuta Fondunun
Fiskal Məsələlər Departamentinin cari ilin may ayında Bakıda
keçirdiyi missiyanın nəticələrinə dair hesabatında Dövlət
Müəssisələrinin Monitorinqi Agentliyinin yaradılması və qısa müddət
ərzində bu istiqamətdə görülmüş işlər ölkəmizdə dövlət maliyyəsinin
səmərəli idarə olunması sahəsində həyata keçirilən mühüm islahatlar
kimi dəyərləndirilib. Həmçinin monitorinq çərçivəsinin
formalaşdırılması, rəqəmsal həllərin tətbiqi və dövlət
müəssisələrinin xalis mənfəətinin ən azı 30 faizinin dövlət
büdcəsinə yönəldilməsi mexanizmi müsbət təcrübə kimi qeyd
olunub.
Eyni zamanda, dövlət müəssisələrinin müşahidə və himayəçilik
şuralarında Maliyyə Nazirliyinin təmsilçiliyinin genişləndirilməsi
istiqamətində işlərin davam etdirildiyi bildirilib. Hazırda 40-a
yaxın dövlət müəssisəsinin şuralarında Nazirliyin nümayəndələri
təmsil olunur.
İclasda dövlət müəssisələrinin maliyyə hesabatlılığının beynəlxalq
standartlara uyğunlaşdırılması, borcalma siyasətinin
təkmilləşdirilməsi və hesabatların təqdim edilməsi mexanizmlərinin
optimallaşdırılması məsələləri də müzakirə olunub. Qeyd edilib ki,
yeni yanaşmaya əsasən, dövlət müəssisələrinin borcalmaları üzrə
ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyən edilməsi
nəzərdə tutulur.
Kollegiyanın sədri dövlət müəssisələrinin fəaliyyətində
səmərəliliyin artırılması, maliyyə dayanıqlığının gücləndirilməsi
və fiskal risklərin idarə olunması istiqamətində tədbirlərin
ardıcıl davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu məqsədlə
səhmdar cəmiyyətlərdə korporativ idarəetmə standartlarının tətbiqi,
dövlət müəssisələrinin dividend proqnozlarının və büdcə
layihələrinin hazırlanması, habelə bu proseslərin dövlət büdcəsinin
tərtibi ilə əlaqələndirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazir dövlət müəssisələrinin dividend proqnozu və büdcə layihələri,
eləcə də dövlət büdcəsinin tərtibi üzrə müvafiq sənədin və növbəti
ildən tətbiq ediləcək büdcə tərtibi, icrası və hesabatlılığı üzrə
skorinq metodologiyasının hazırlanması, həmçinin korporativ
idarəetmə standartlarının tətbiqi ilə bağlı zəruri tədbirlərin
həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.
Kollegiya iclasında, həmçinin Maliyyə Nazirliyində tapşırıqların
icra vəziyyəti və hesabatlarla bağlı məsələlərə dair təqdimat
nümayiş etdirilib, müzakirələr aparılıb və qaldırılan məsələlər
üzrə müvafiq qərarlar qəbul edilib.
