Bakı.Trend:
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Tehranın Bəhreyndə erkən xəbərdarlıq radarını məhv etməsi ilə bağlı iddiasını təkzib edib.
Bu barədə CENTCOM mətbuat xidməti rəsmi “X” səhifəsində məlumat yayıb.
Qurum İranın Bəhreynə doğru buraxdığı iki pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.
“İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn istiqamətində iki həmlə PUA-sı buraxıb. Hər iki pilotsuz uçuş aparatı ABŞ qüvvələri tərəfindən vurulub. Hadisə nəticəsində xəsarət alan olmayıb və heç bir ziyan dəyməyib”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl SEPAH ABŞ-nin İranın Sirik adasında telekommunikasiya qovşağına hücumuna cavab olaraq Bəhreyndə Birləşmiş Ştatların ordusuna məxsus erkən xəbərdarlıq radarını vuraraq məhv etdiyini bəyan etmişdi.
SEPAH bildirmişdi ki, bu, Hörmüz boğazında neftin qeyri-qanuni şəkildə keçirilməsinə son qoyulması üçün ABŞ-yə ciddi xəbərdarlıqdır.
