Bakı.Trend:
OPEC-də ikinci ən böyük neft hasilatçısı olan İraq Hörmüz boğazından yükdaşımalarla bağlı böhran fonunda neft ixracı üçün alternativ marşrutlar axtarır.
Bu barədə "Reuters" məlumat yayıb.
Bəsrə yaxınlığında yerləşən neft anbarının ətrafında yüzlərlə yanacaqdaşıyan avtomobil İraq xam neftini yükləmək üçün növbəyə düzülüb. Neft onilliklər ərzində, demək olar ki, istifadə olunmayan səhra ərazisindən keçən quru yolu ilə Suriyanın Baniyas limanına daşınacaq.
Nəqliyyat xərclərinin daha yüksək olmasına baxmayaraq, Suriyada uzun illər davam edən münaqişənin başa çatması quru marşrutunu yenidən cəlbedici edib. İraq xam neftinin böyük hissəsini Fars körfəzindəki terminallar vasitəsilə ixrac etsə də, Suriya üzərindən keçən marşrut neftin daşınması üçün həcmi az, lakin strateji baxımdan əhəmiyyətli alternativə çevrilib.
Dövlətə məxsus Basra Oil Company (BOC) şirkətinin baş direktoru Bassem Abdel Karim bildirib ki, ötən aydan etibarən Qətərin UCC Holding enerji qrupu İraq xam neftini avtomobillərlə Baniyas limanına daşıyır. Onun sözlərinə görə, UCC dövlətə məxsus SOMO neft marketinq şirkəti ilə bağlanmış müqavilə çərçivəsində gündəlik 120-150 min barel neft daşımağa başlayıb. Tədarükün həcmi yanacaqdaşıyan avtomobillərin mövcudluğundan asılıdır.
