Bakı. Trend:
Azərbaycan Dövlət Aqrar Universiteti ilə üçtərəfli müqavilə
əsasında Dövlət Proqramı çərçivəsində təhsil alan Nuranə Məmmədova
Oksford Universitetində müəllim fəaliyyətinə başlayıb.
Universitetin yaydığı məlumata əsasən, “2022–2028-ci illər üçün
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində doktorantura
təhsili alan Nuranə Məmmədova Oksford Universitetində müəllim
fəaliyyətinə başlayıb. O, Dövlət Proqramı çərçivəsində Oksford
Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə
doktorantura proqramına qəbul olunub və üçtərəfli müqavilə üzrə
yerli ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Aqrar
Universitetini (ADAU) seçib.
Hazırda doktorantura təhsilinin ikinci ilində olan Nuranə Məmmədova
təhsilini davam etdirməklə yanaşı, Oksford Universitetinin “Qlobal
idarəetmə və diplomatiya” (MSc in Global Governance and Diplomacy)
magistratura proqramının müəllim heyətində fəaliyyət göstərir.
O, proqram çərçivəsində qlobal idarəetmə və diplomatiya sahəsi üzrə
fundamental fənlərin tədrisində, eləcə də magistrantların akademik
hazırlığında iştirak edir.
Bununla yanaşı, Nuranə Məmmədova Oksford Universitetində üzvü
olduğu kollecin köməkçi dekanı (Junior Dean) vəzifəsinə seçilib. Bu
vəzifə tələbələrin rifahının təmin edilməsi, akademik icmanın
dəstəklənməsi və kollec həyatının təşkilinə dair məsuliyyətləri
əhatə edir.
Qeyd edək ki, Nuranə Məmmədova bakalavriat təhsilini Azərbaycan
Dövlət Aqrar Universitetində “Dünya iqtisadiyyatı” (xüsusi
istedadlar qrupu) ixtisası üzrə alıb. Magistratura təhsilini isə
Dövlət Proqramı çərçivəsində Oksford Universitetində “Diplomatik
tədqiqatlar” ixtisası üzrə başa vurub.
Nuranə Məmmədova doktorantura təhsilini başa vurduqdan sonra
üçtərəfli müqavilə üzrə öhdəliklərinə əsasən Azərbaycan Dövlət
Aqrar Universitetinə qayıdacaq və universitetin professor-müəllim
heyətində fəaliyyətini davam etdirəcək.
