Bakı. Trend:
Ermənistan və Türkiyə diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına yaxındır.
TASS-ın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda çıxışı zamanı bildirib.
“Biz Türkiyə ilə əməkdaşlıq edirik və ötən illər ərzində münasibətlərimizdə əhəmiyyətli dəyişikliklər baş verib. Türkiyə Ermənistanla birbaşa quru sərhədindən deyil, Gürcüstan ərazisindən keçməklə ixrac və idxal üçün yolları açdığına görə ölkələrimiz arasında ikitərəfli ticarət mövcuddur”, – deyə Paşinyan qeyd edib.
Paşinyan yaxın gələcəkdə ikitərəfli münasibətlərin tam tənzimlənməsinə və normallaşmasına nail olacaqlarına ümidvar olduğunu diqqətə çatdırıb.
"Belə ki, iki gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müsbət görüşüm keçirildi və biz diplomatik münasibətlərin qurulması və sərhədlərin tam açılması istiqamətində son addıma yaxın olduğumuzu təsdiqlədik”.
O bildirib ki, yaxın gələcəkdə tərəflər münasibətlərin tam normallaşdırılmasına nail olacaqlar.
