Bakı.Trend:
ABŞ-nin İrana qarşı növbəti hərbi əməliyyatlar keçirməsinə ehtiyac yoxdur.
"Associated Press" agentliyinin məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun zəifləmiş İrana qarşı tətbiq etdiyi iqtisadi təzyiq artıq kritik həddə çatıb.
“Düzünü desəm, hazırda bu rejimə yaşatdığımız iqtisadi çətinliklər o qədər böyükdür ki, hərbi əməliyyatlara ehtiyac qalmayıb. Biz onları xeyli zəiflətmişik. Lakin hesab edirəm ki, qələbə onların heç vaxt nüvə silahına sahib olmamasını təmin etməkdir”, – deyə Dövlət Departamentinin rəhbəri bildirib.
Bununla yanaşı, Rubio müharibənin amerikalılar üçün də iqtisadi itkilərə səbəb olduğunu və yanacağın qiymətlərinin artmasına gətirib çıxardığını etiraf edib.
Onun sözlərinə görə, Tramp üçün İranın nüvə proqramının yaratdığı təhlükəni görməzdən gəlmək, populyar olmayan müharibədən yayınmaq və “bu problemi növbəti prezidentin öhdəsinə buraxmaq” daha asan olardı. Lakin Ağ Ev rəhbəri bu məsələnin cavabsız qalmasına imkan verməmək qərarına gəlib.
“Bu, ağırdır. Asan deyil və çətindir. Çox vaxt iqtisadi və digər çətinliklərə səbəb olur. Biz bunu etiraf edirik”, – deyə ABŞ dövlət katibi fikrini yekunlaşdırıb.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
