Bakı. Trend:
2027-ci ildən başlayaraq Dövlət Neft Fondundan (DNF) dövlət büdcəsinə transfertlərin tədricən azaldılması və bu vəsaitlərin fondun aktivlərinin idarə edilməsindən əldə olunan gəlirlərə uyğunlaşdırılması nəzərdə tutulur. Eyni zamanda, vergi borclarının ödənilməsində çətinlik çəkən iqtisadi fəal vergi ödəyiciləri üçün möhlət mexanizminin sadələşdirilməsi və maliyyə sanksiyaları ilə bağlı güzəştlərin tətbiqi imkanları nəzərdən keçirilir.
Bu barədə Hesablama Palatasının 2027-ci il dövlət büdcəsinin layihəsi və ortamüddətli dövr üçün fiskal siyasətlə bağlı təqdim etdiyi rəydə bildirilib.
Rəydə qeyd olunur ki, 2027–2030-cu illəri əhatə edən fiskal siyasətdə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin mərhələli şəkildə azaldılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Hədəf transfertlərin həcminin fondun aktivlərinin idarə edilməsindən əldə olunan gəlirlər səviyyəsinə çatdırılmasıdır.
Hesablama Palatası bildirir ki, bu yanaşma dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması və fiskal dayanıqlılığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Palata əvvəlki rəylərində də Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcminə birbaşa məhdudiyyət müəyyən edilməsini tövsiyə edib.
Sənəddə vergi borclarının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi məsələsinə də toxunulub. Belə ki, vergi borclarının hissə-hissə ödənilməsi üçün möhlət verilməsi prosedurunun sadələşdirilməsi, habelə ödəmə çətinliyi ilə üzləşən, lakin iqtisadi fəaliyyətini davam etdirən vergi ödəyicilərinə münasibətdə maliyyə sanksiyaları və faizlər üzrə güzəştlərin tətbiqi imkanlarının nəzərdən keçirilməsi təklif olunur.
Palatanın qiymətləndirməsinə görə, vergi borclarının artması fiskal risklərdən biridir. Bu borcların təxminən üçdə birini maliyyə sanksiyaları və faizlər təşkil edir. Buna görə də borcun ödənilməsini asanlaşdıran mexanizmlərin tətbiqi dövlət büdcəsinə daxilolmaların artırılmasına və vergi ödəyicilərinin ödəniş qabiliyyətinin qorunmasına xidmət edə bilər.
Rəydə ilk dəfə ortamüddətli dövr üçün gəlir siyasətinə dair konkret hədəflərin açıqlanması da diqqətə çatdırılıb. Həmin hədəflərə əsasən, qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsula nisbətdə vergi və gömrük güzəştlərinin səviyyəsinin 7,4–8 faiz intervalında saxlanılması nəzərdə tutulur.
Bundan başqa, qeyri-neft-qaz gəlirləri üzrə proqnoz göstəriciləri ilə büdcənin faktiki icrası arasındakı fərqin ±5 faiz həddində saxlanılması hədəflənir. Hesablama Palatası hesab edir ki, bu göstəricilər gəlir siyasətinin nəticələrinin qiymətləndirilməsi və büdcə proqnozlarının keyfiyyətinin artırılması baxımından əhəmiyyət daşıyır.
Bununla yanaşı, Palata xərclər siyasəti üzrə də oxşar kəmiyyət hədəflərinin müəyyənləşdirilməsini məqsədəuyğun sayır. Rəydə bildirilir ki, büdcə xərcləri siyasətinin əsas istiqamətləri müəyyən edilsə də, həmin istiqamətlər üzrə konkret kəmiyyət göstəricilərinin və ölçülə bilən nəticə indikatorlarının olmaması onların icrasını qiymətləndirməyi çətinləşdirir.
Hesablama Palatasının fikrincə, gəlir siyasətində olduğu kimi, xərclər üzrə də ölçülə bilən hədəflərin müəyyənləşdirilməsi büdcə vəsaitlərinin istifadəsinin səmərəliliyinə nəzarəti gücləndirə və fiskal siyasətin nəticələrinin daha obyektiv qiymətləndirilməsinə imkan yarada bilər.
