Hesablama Palatası büdcədənkənar əməliyyatlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini zəruri sayır

İqtisadiyyat Xəbər 14 Noyabr 2026 11:52 (UTC +04:00)
Hesablama Palatası büdcədənkənar əməliyyatlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini zəruri sayır
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Növbəti ildə büdcədənkənar gəlirlərin azalması ilə yanaşı, bu vəsaitlərin formalaşdırılması və istifadəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə də ehtiyac var.

Bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd edilib ki, 2027-ci ildə Azərbaycanda büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinin 949 milyon manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin göstəricisi ilə müqayisədə 72 milyon manat və ya 7,1 faiz azdır.

Sənədə əsasən, 2027-ci ildə büdcədənkənar gəlirlərin dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisinin cari illə müqayisədə 0,2 faiz bəndi azalaraq 2,4 faiz təşkil edəcəyi gözlənilir.

Büdcə təşkilatlarının iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətlərindən əldə etdikləri büdcədənkənar gəlirlər 2027-ci ildə də doqquz mədaxil mənbəyi üzrə proqnozlaşdırılıb. Bu mənbələrdən yalnız ikisi üzrə artım, digər yeddisi üzrə isə azalma nəzərdə tutulub.

Rəydə qeyd olunur ki, cari illə müqayisədə ən yüksək artım maliyyə sanksiyaları, inzibati cərimələr və vergilərin qanunvericiliklə büdcədənkənar gəlirlərə aid edilən hissəsindən daxilolmalar üzrə gözlənilir.

Xüsusilə, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının qanunvericiliklə büdcədənkənar gəlirlərə aid edilən hissəsindən 2027-ci ildə 297 milyon manat daxilolma proqnozlaşdırılır. Bu, 2026-cı ilin göstəricisindən 35 milyon manat çoxdur.

Hesablama Palatası büdcədənkənar gəlirlərin proqnozlaşdırılması zamanı tətbiq edilən yanaşmanın, eləcə də bu gəlirlərlə bağlı hüquqi aktlarda nəzərdə tutulan əsas məqamların təhlilinə də yer verib.

Palatanın rəyində bildirilir ki, “aparılan təhlillər büdcədənkənar əməliyyatlar üzrə qanunvericilikdə dəyişiklik edilməsinin zəruriliyini göstərmişdir”.

Qeyd edək ki, büdcədənkənar gəlirlərin proqnozlaşdırılması zamanı tətbiq edilən yanaşma və bu gəlirlərlə bağlı hüquqi tənzimləmələr Hesablama Palatasının rəyinin II və VII bölmələrində ətraflı şərh olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti