Bakı. Trend:
Azərbaycan 2026-cı ilin sentyabr ayında Türkiyənin ikinci ən böyük təbii qaz təchizatçısı olub.
Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına əsasən, sentyabr ayında Azərbaycan Türkiyəyə 867,12 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2025-ci ilin müvafiq ayı ilə müqayisədə (958,25 milyon kubmetr) 9,51 faiz azdır.
Hesabat dövründə Rusiya Türkiyəyə təbii qaz tədarükündə birinci yeri tutub. Belə ki, Rusiyadan qaz ixracı illik müqayisədə 33,12 faiz azalaraq 1,447 milyard kubmetrdən 967,76 milyon kubmetrə düşüb. İran isə 660,22 milyon kubmetr qaz tədarük edərək üçüncü yerdə qərarlaşıb. Bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 18,23 faiz azalma deməkdir.
"Türkiyənin sentyabr ayında ümumi təbii qaz idxalı illik müqayisədə 25,52 faiz azalaraq əvvəlki ilin eyni dövründəki təxminən 3,605 milyard kubmetrdən 2,685 milyard kubmetrə enib. Boru kəmərləri ilə qaz idxalı 22,34 faiz azalaraq 2,495 milyard kubmetr, mayeləşdirilmiş təbii qaz (LNG) idxalı isə 51,56 faiz azalaraq 190,18 milyon kubmetr təşkil edib",-deyə hesabatda qeyd olunur.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkə 17,994 milyard kubmetr təbii qazı (qaz halında) 6,449 milyard ABŞ dolları dəyərində ixrac edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qaz ixracının dəyəri 250 milyon dollar və ya 3,7 faiz, həcmi isə 534 milyon kubmetr və ya 2,9 faiz azalıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə Azərbaycanda 37,521 milyard kubmetr təbii qaz hasil edilib. Bu, ötən ilin eyni dövründə qeydə alınan 37,794 milyard kubmetrlə müqayisədə 273 milyon kubmetr və ya 0,7 faiz azdır.
