Şeyxülislam dünya dini liderləri ilə bir araya gələcək

Cəmiyyət Press-reliz 14 Noyabr 2026 13:52 (UTC +04:00)
Şeyxülislam dünya dini liderləri ilə bir araya gələcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-də Oman Sultanlığına səfər edəcək.

Bu barədə QMİ-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanın paytaxtı Maskat şəhərində keçiriləcək Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək.

Forum Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsusi Müşavirinin Ofisi və Dini və Ənənəvi Sülh Qurucuları Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilir.

BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən təqdim edilmiş Maskat Fəaliyyət Planı nifrət çağırışlarına qarşı sülh vasitəçiliyi yolu ilə mübarizə, soyqırımı və kütləvi vəhşilik cinayətlərinin, eləcə də bu cinayətlərə təhrikin qarşısının alınmasında ənənəvi və yerli liderlərin roluna həsr olunub.

Beynəlxalq Tolerantlıq Gününə təsadüf edən forumda dini liderlər, hökumət nümayəndələri, BMT qurumlarının təmsilçiləri və sülh quruculuğu sahəsində çalışan mütəxəssislər iştirak edəcəklər.

Tədbirdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, sosial həmrəyliyin möhkəmləndirilməsi, eləcə də dinc və dayanıqlı cəmiyyətlərin qurulmasında dini və yerli liderlərin rolu müzakirə olunacaq.

Məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə forumun Maskat Fəaliyyət Planının qlobal icra çərçivəsinin təqdimatına həsr olunmuş yüksək səviyyəli açılış mərasimində çıxış edəcək.

Səfər çərçivəsində QMİ sədrinin Omanda bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti