Bakı. Trend:
Azərbaycan ənənəvi enerji təchizatı əlaqələrinin, xüsusilə Rusiya ilə əməkdaşlığın pozulmasından sonra etibarlı qaz mənbələri axtaran Avropa ölkələri üçün mühüm enerji tərəfdaşına çevrilib.
Bu barədə amerikalı analitik İrina Tsukerman Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi Avropa istehlakçılarına Gürcüstan və Türkiyə üzərindən Xəzər qazına çıxış imkanı yaradır. Qaz tədarükü İtaliya, Yunanıstan və Bolqarıstana qədər uzanır.
“Gələcəkdə mümkün təchizat fasilələri və qiymət dəyişkənliyindən narahat olan hökumətlər üçün Azərbaycan əlavə investisiyalar hesabına genişləndirilə bilən, artıq formalaşmış etibarlı idxal mənbəyidir.
Dublində keçirilən sammit Prezident İlham Əliyevə Avropa liderləri ilə enerji əməkdaşlığını birbaşa müzakirə etmək imkanı yaradıb. Avropanın enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artıq Ukraynadakı müharibə ilə məhdudlaşmır.
İran ətrafında qeyri-sabitlik, beynəlxalq gəmiçilik üçün təhdidlər və ABŞ-ın xarici siyasəti ilə bağlı qeyri-müəyyənliyi Avropanın həssas dəniz marşrutlarından yan keçən enerji dəhlizlərinə marağını artırıb. Azərbaycanın Türkiyə üzərindən keçən quru bağlantıları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki Cənub Qaz Dəhlizi ilə nəql olunan qaz Hörmüz boğazından keçmir”, – İ.Tsukerman vurğulayıb.
O əlavə edib ki, Avropa ölkələri Azərbaycan qazının ixracının artırılmasının kommersiya öhdəlikləri tələb etdiyini də anlayırlar. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin 2027-ci ilədək ildə ən azı 20 milyard kubmetrə çatdırılması istiqamətində razılığa gəliblər.
“Bu hədəfə çatmaq üçün əlavə hasilatın təmin edilməsi, boru kəmərlərinin genişləndirilməsi və uzunmüddətli qaz alışı müqavilələrinin bağlanması vacibdir. Avropalı alıcılar bu gün yatırılan investisiyaların Aİ-nin enerji keçidi siyasəti fonunda da kommersiya baxımından səmərəli qalacağına dair kifayət qədər təminat verməlidirlər”, – deyə o bildirib.
İ.Tsukerman Dublində keçirilən sammit zamanı Prezident İlham Əliyevin Azərbaycanın Avropa İttifaqına qaz tədarükünün 2022-ci il enerji tərəfdaşlığı sazişindən sonra təxminən 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəldiyini açıqlamasına da diqqət çəkib.
“Yunanıstan və İtaliya istiqamətində ötürmə imkanları 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə çatdırılsa da, mövcud boru kəmərləri şəbəkəsi tam gücü ilə işləyir. Bu vəziyyət Avropa hökumətləri üçün Bakı ilə yeni hasilat layihələri və əlavə boru kəməri imkanları barədə danışıqlar aparmaq baxımından aydın kommersiya marağı yaradırş.
Azərbaycan qazının Avropa üçün əhəmiyyəti ölkələr üzrə fərqlənir. İtaliya əsas istiqamətlərdən biridir. Bolqarıstan, Yunanıstan, eləcə də Mərkəzi və Cənub-Şərqi Avropanın bir sıra ölkələri fərdi təchizatçılardan asılılığın azaldılması baxımından Azərbaycan qazına maraq göstərirlər. Almaniya və Avstriya da 2026-cı ildə Azərbaycan qazını almağa başlayıb.
Nisbətən kiçik Avropa bazarları üçün belə əlavə həcmlər digər təchizatçılarla danışıqlarda mövqelərini gücləndirə və mümkün təchizat fasilələri zamanı daha geniş manevr imkanları yarada bilər”, – analitik qeyd edib.
O, Avropada boru kəməri qazı ilə ABŞ-dən tədarük edilən mayeləşdirilmiş təbii qaz (LNG) arasında rəqabətin də gücləndiyini söyləyib.
“LNG Avropa alıcılarına çeviklik imkanı verir, lakin onun qiyməti beynəlxalq tələbatdan və daşınma şərtlərindən asılıdır. Uzunmüddətli və kommersiya baxımından dayanıqlı müqavilələrlə təmin olunan Azərbaycan qazı isə daha proqnozlaşdırıla bilən tədarük imkanı yarada bilər.
Enerji infrastrukturunun maliyyələşdirilməsi məsələsi hələ də açıq qalır. Avropa siyasətçiləri iqlim öhdəliklərini yerinə yetirmək təzyiqi ilə üzləşirlər. Bununla yanaşı, investorlar qaz hasilatının və boru kəmərlərinin genişləndirilməsinə çəkilən böyük xərcləri geri qaytarmalıdırlar. Alıcılar əlavə qaz həcmlərinin alınmasına dair öhdəlik götürməsələr, şirkətlərin iri genişləndirmə layihələrinə investisiya yatırmaq üçün stimulları məhdud olacaq”, – deyə İ.Tsukerman bildirib.
İ.Tsukerman Azərbaycanın enerji sahəsində rolunun yalnız təbii qazla məhdudlaşmadığını da vurğulayıb. Onun sözlərinə görə, Bakı günəş və külək enerjisi layihələrini inkişaf etdirir, həmçinin Azərbaycan və Gürcüstanı Rumıniya və Macarıstanla birləşdirməsi nəzərdə tutulan Qara dəniz sualtı elektrik kabeli layihəsi çərçivəsində elektrik enerjisinin ixracını müzakirə edir.
“Avropalı tərəfdaşlar Xəzər regionunda istehsal olunan elektrik enerjisinin idxalı imkanına maraq göstərirlər. Lakin bu layihənin həyata keçirilməsi əhəmiyyətli investisiyalar və ötürmə gücü ilə bağlı razılaşmalar tələb edəcək”, – analitik bildirib.
O əlavə edib ki, Dublində Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə imzalanan strateji tərəfdaşlıq bəyannaməsi də enerji əməkdaşlığına yeni istiqamət verir. Xüsusilə BP kimi Britaniya şirkətlərinin Azərbaycanda uzun illərə söykənən təcrübəsi əlavə investisiyaların və bərpaolunan enerji texnologiyalarının inkişafına töhfə verə bilər.
“Azərbaycanın enerji infrastrukturunun mürəkkəb təhlükəsizlik mühitində fəaliyyət göstərir. Cənubi Qafqaz və Türkiyə ərazisindən keçən boru kəmərlərinin təxribat və regional münaqişə risklərindən qorunması vacibdir.
Azərbaycan və Ermənistan arasında normallaşma prosesi investorların etimadını artıra və regional infrastrukturun inkişafı üçün yeni imkanlar aça bilər. Bunun üçün hər iki hökumətin əldə olunmuş razılaşmaları həyata keçirməsi vacibdir”, – İ.Tsukerman bildirib.
O hesab edir ki, Azərbaycan-Avropa enerji əməkdaşlığının növbəti mərhələsi əsasən Avropa hökumətlərinin və kommersiya alıcılarının qərarlarından asılı olacaq.
“Azərbaycan hasilatı artırmaq üçün imkanlar müəyyənləşdirib, Avropa ölkələri isə əlavə tədarükdə maraqlı olduqlarını bildiriblər. Qarşıdakı danışıqların əsas mövzuları uzunmüddətli müqavilələr, maliyyələşdirmə mexanizmləri və boru kəməri infrastrukturunun genişləndirilməsi olacaq. Məhz bu qərarlar qarşıdakı illərdə Azərbaycan enerjisinin nə qədərinin Avropa istehlakçılarına çatdırılacağını müəyyən edəcək”, – deyə amerikalı analitik fikirlərini yekunlaşdırıb.
