Bakı. Trend:
Bir müddət əvvəl, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında qeyd etdi ki, işçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən ötürülən məlumatlar əsasında, Mərkəzi Bank tərəfindən müəyyən olunan elektron ödəniş sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Nazir müavini qeyd edib ki, bu mexanizmin əsas üstünlüklərindən biri əməkhaqqının yalnız əmək müqaviləsində və ya müvafiq informasiya sistemində göstərilən məbləğdə rəsmiləşdirilməsinin deyil, faktiki ödənilməsinin də elektron məlumatlar əsasında izlənilə bilməsidir.
Bəs yeni mexanizmin işçilərin pensiya, sosial sığorta və digər hüquqlarına təsiri necə olacaq? Bu yenilik nə dərəcə effektiv olacaq?
Məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov Trend-ə açıqlamasında qeyd edib ki, Azərbaycanda əməkhaqqının elektron qaydada verilməsi artıq tətbiq olunur. Bununla belə, qarşıya qoyulan əsas yenilik əməkhaqqı barədə rəsmiləşdirilmiş məlumatların faktiki ödənişlərlə vahid sistem üzərindən müqayisə edilməsidir.
"Bu sistem vasitəsilə əmək müqaviləsində göstərilən maaş ilə qanuni tutulmalardan sonra işçiyə çatmalı olan məbləğ arasında yaranan uyğunsuzluqlar daha asan aşkar olunacaq. Eyni zamanda, əmək haqqının ödənilməsində hər hansı gecikmələr baş verdikdə, bunu məhz elektron məlumatlar əsasında müəyyənləşdirmək mümkün olacaqdır.
Yeni mexanizmin işçilər üçün təmin etdiyi əsas üstünlüklərdən biri onların gələcək pensiya təminatı ilə bağlı olacaqdır. Bildiyimiz kimi, Azərbaycanda əmək pensiyasının məbləği fərdi hesabda formalaşan pensiya kapitalı əsasında yaranır və məhz həmin pensiya kapitalından asılıdır. Rəsmi əməkhaqqı və onun əsasında ödənilən sosial sığorta haqqları pensiya kapitalının formalaşmasında çox böyük rol oynayır. Əgər işçinin faktiki əməkhaqqı rəsmi sənədlərdə göstəriləndən aşağı olursa, bu, onun gələcək pensiyasına birmənalı şəkildə mənfi təsir göstərəcəkdir. Lakin yeni mexanizm bu halların azalmasına kömək edə biləcəkdir. Təbii ki, bu, hər hansı kənaraçıxmalar olmadıqda və icra prosesi peşəkar həyata keçirildikdə mümkündür", - deyə o qeyd edib.

İqtisadçı əlavə edib ki, əməkhaqqının elektron izlənməsi özlüyündə birbaşa pensiya artırmasa da, real gərlərin düzgün rəsmiləşdirilməsinə və sosial sığorta haqqlarının doğru ödənilməsinə bir növ həm də nəzarət mexanizmi formalaşdırmış olur.
"Bir digər vacib məqam isə dəyişikliklərin sosial ödənişlərlə
bağlı üstünlükləridir. Xəstəlik, hamiləlik, doğumla bağlı
müavinətlərin hesablanması məsələləri və məzuniyyət ödənişlərinin
müəyyən edilməsində əməkhaqqının doğru formada, yəni əməkhaqqı
göstəricilərindən düzgün və doğru şəkildə istifadə olunması kimi
məsələlər var ki, bu sistem bunlar üçün həm imkan yaradacaq, həm də
yanlışlığı üzə çıxarmağa imkan verəcəkdir.
Başqa sözlə, bu dəyişiklik təkcə nəzarət deyil, həm də
nəzarətdir.
Bu dəyişikliyi yalnız maaşların ödənilməsinə nəzarət kimi qəbul etmək doğru deyil. Çünki burada işçilərin pensiyası, sosial təminat hüquqlarının etibarlı qorunması, qeyri-rəsmi ödənişlərin azalması və bütövlükdə əmək bazarında şəffaflığın artırılması kimi məsələlərə də böyük ölkədə yeni sistem xidmət edə biləcəkdir", - deyə o bildirib.
