Bakı. Trend:
2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektorunun payının artaraq 60,6 faizə çatacağı, neft-qaz gəlirlərinin payının isə 39,4 faizə enəcəyi proqnozlaşdırılır.
Bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.
Sənədə əsasən, 2027-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) nominal həcminin cari illə müqayisədə 6,9 milyard manat və ya 5,1 faiz artaraq 141 milyard 12,7 milyon manata çatacağı gözlənilir. Qeyri-neft-qaz sektorunda ÜDM-in isə 7,4 milyard manat və ya 7,2 faiz artaraq 109 milyard 80,1 milyon manat olacağı proqnozlaşdırılır.
Hesablama Palatasının təhlilinə görə, qeyri-neft-qaz sektorunda iqtisadi fəallığın daha yüksək artım tempi həmin sahə üzrə dövlət büdcəsinə daxilolmaların genişlənməsinə də müsbət təsir göstərəcək.
Belə ki, 2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnoz göstəricisi ilə müqayisədə 645 milyon manat və ya 1,7 faiz çoxdur.
Gəlirlərin strukturunda qeyri-neft-qaz mənbələrinin rolunun artması gözlənilir. Belə ki, qeyri-neft-qaz gəlirlərinin 23 milyard 774 milyon manat təşkil edəcəyi nəzərdə tutulur. Bu, cari ilin proqnozu ilə müqayisədə 1 milyard 600 milyon manat və ya 7,2 faiz çoxdur. Nəticədə, həmin gəlirlərin dövlət büdcəsinin ümumi gəlirlərində payı 2026-cı ildəki 57,4 faizdən 2027-ci ildə 60,6 faizə yüksələcək.
Digər tərəfdən, neft-qaz gəlirlərinin azalacağı proqnozlaşdırılır. Belə ki, 2027-ci ildə bu mənbədən dövlət büdcəsinə 15 milyard 480 milyon manat daxilolma gözlənilir. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 955 milyon manat və ya 5,8 faiz azdır. Nəticədə, neft-qaz gəlirlərinin dövlət büdcəsinin ümumi gəlirlərində payının 42,6 faizdən 39,4 faizə enəcəyi gözlənilir.
Hesablama Palatası neft-qaz gəlirlərində azalmanın əsas səbəblərindən birini Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin əvvəlki illə müqayisədə daha aşağı həcmdə proqnozlaşdırılması ilə əlaqələndirir.
Büdcə gəlirlərinin ÜDM-də payı azalacaq
Rəydə diqqət çəkilən digər məqamlardan biri dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin azalmasıdır.
Belə ki, 2027-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-də payının cari illə müqayisədə 1 faiz bəndi azalaraq 27,8 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Bunun əsas səbəbi ÜDM-in nominal həcminin dövlət büdcəsi gəlirlərindən daha sürətlə artmasıdır.
Müqayisə üçün qeyd edək ki, 2027-ci ildə ÜDM-in 5,1 faiz artacağı gözlənildiyi halda, dövlət büdcəsi gəlirlərinin artım tempinin 1,7 faiz olacağı nəzərdə tutulur.
Bununla yanaşı, qeyri-neft-qaz gəlirlərinin müvafiq sektor üzrə ÜDM-ə nisbətinin 21,8 faiz səviyyəsində sabit qalacağı proqnozlaşdırılır.
Hesabatda təqdim olunan dinamikaya əsasən, 2023-cü ildə dövlət büdcəsi gəlirləri 35 milyard 236,4 milyon manat, 2024-cü ildə 37 milyard 161,8 milyon manat, 2025-ci ildə isə 39 milyard 184,6 milyon manat təşkil edib. 2026-cı il üçün bu göstərici 38 milyard 609 milyon manat, 2027-ci il üçün isə 39 milyard 254 milyon manat proqnozlaşdırılıb.
Eyni zamanda, qeyri-neft-qaz sektorunun ÜDM-də həcmi 2023-cü ildə 77 milyard 661,8 milyon manat olduğu halda, 2027-ci ildə 109 milyard 80,1 milyon manata çatacaq.
Qeyd edək ki, 2027-ci il üzrə proqnozlar qeyri-neft-qaz sektorunun dövlət büdcəsinin gəlirlərinin formalaşmasında rolunun daha da artacağını, neft-qaz gəlirlərinin isə ümumi büdcə daxilolmalarındakı xüsusi çəkisinin azalacağını göstərir.
