Bakı.Trend:
Azərbaycanın 2027-ci il üzrə dövlət və icmal büdcələrinin layihələri dövlətin əsas vəzifə və funksiyaları üçün tam maliyyə təminatı formalaşdıracaq.
Bunu maliyyə naziri Sahil Babayev bazar ertəsi Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2027-ci il üzrə gəlirləri 13,3 milyard manat, xərcləri isə 12,1 milyard manat həcmində proqnozlaşdırılır. Beləliklə, Fondun büdcəsinin profisiti 1,2 milyard manat təşkil edəcək.
"2027-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 9,2 mlrd. manat, xərcləri isə 9,3 mlrd. manat, İcbari Tibbi Sığorta Fondunun gəlirləri 2,3 mlrd. manat, xərcləri 3 mlrd. manat, İşsizlikdən Sığorta Fondunun gəlirləri 268,9 mln. manat, xərcləri isə 319,2 mln. manat təşkil edəcəkdir", -deyə Sahil Babayev bildirib.
Nazir qeyd edib ki, bu fondların büdcələrinin kəsiri onların formalaşdırdıqları ehtiyatlar hesabına qarşılanacaq.
"Növbəti il üçün Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 510 mln. manat məbləğindədir. Muxtar Respublikanın öz gəlirlərinin cari illə müqayisədə 40 mln. manat və ya 15 faiz artması gələn il üçün dövlət büdcəsindən ayrılan dotasiyanın 13,6 mln. manat və ya 6,4 faiz azalmasına imkan yaratmışdır.
2027-ci il üçün dövlət və icmal büdcələrinin layihələri ölkəmizin qarşısında duran strateji çağırışlar nəzərə alınmaqla tərtib olunub. Bu layihələrin dəstəklənməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prioritet kimi müəyyən edilmiş istiqamətlərin, habelə dövlətin əsas vəzifə və funksiyalarının həyata keçirilməsi üçün tam maliyyə təminatı formalaşdıracaq.", - deyə nazir vurğulayıb.
