Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, gəlir bazası şaxələnir - Mikayıl Cabbarov

İqtisadiyyat Xəbər 16 Noyabr 2026 12:09 (UTC +04:00)
Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, gəlir bazası şaxələnir - Mikayıl Cabbarov
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxması və xaricdə aktivlər əldə etməsi ölkənin gəlir mənbələrinin şaxələndirilməsinə töhfə verir. Eyni zamanda, dövlət şirkətlərinin fəaliyyətində aparılan islahatlar onların dövlət büdcəsinə dividend ödənişlərini artırır.

Trend-in müxbirinin xəbərinə görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan şirkətlərinin xarici bazarlarda fəaliyyətinin genişlənməsi və xaricdə aktivlər əldə etməsi ölkənin ümumi milli gəlirinin davamlı artımı üçün yeni imkanlar yaradır.

“Hazırda Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, xaricdə aktivlər əldə edir və bu aktivlər əlavə gəlir mənbəyinə çevrilir. Bu, ölkənin gəlir bazasının mənbələrinin şaxələndirilməsi deməkdir”, – M.Cabbarov vurğulayıb.

İqtisadiyyat naziri dövlət şirkətlərinin fəaliyyətində də mühüm keyfiyyət dəyişikliklərinin baş verdiyini qeyd edib. Onun sözlərinə görə, bir sıra dövlət şirkətlərinin səmərəli fəaliyyəti və dövlət büdcəsinə dividend ödənişləri aparılan institusional islahatların nəticəsidir.

M.Cabbarov bildirib ki, 2020-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü ilə dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti həyata keçirilir. Bu çərçivədə holdinq idarəetmə modelinə keçid, Azərbaycan İnvestisiya Holdinqinin və AZCON-un yaradılması, korporativ idarəetmə standartlarının tətbiqi və digər institusional tədbirlər dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir.

“Bu institusional addımlar nəticəsində dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilməkdədir”, – nazir əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti