Bakı.Trend:
Bu ilin ilk 10 ayında Azərbaycanda 164 mindən çox şəxs işlə təmin edilib.
Trend-in müxbiri xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bazar ertəsi günü Milli Məşğulluq Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, əmək bazarında dəyişikliklərin miqyası və sürəti artıq gündəlik həyatımızda hiss olunur.
“Süni intellekt iş proseslərini yeniləyir. Rəqəmsal həllər yeni fəaliyyət sahələri yaradır. Ənənəvi peşələr isə fərqli bacarıqlarla zənginləşir. Bu proses hər bir ölkə qarşısında insan kapitalını iqtisadiyyatın dəyişən tələblərinə uyğun inkişaf etdirmək vəzifələrini qoyur. Bu gün sahib olduğumuz biliklərə yenilərini əlavə etmək və peşəkar inkişafı davam etdirmək həm işçilərin, həm də işəgötürənlərin gündəlik ehtiyacına çevrilir”,- deyə bildirib.
Nazir müavini vurğulayıb ki, dünya İqtisadi Forumunun proqnozuna əsasən 2030-cu ilədək işçilərin mövcud bacarıqlarının orta hesabla 39%-i dəyişəcək və ya köhnələcək
“Bu rəqəmlərin verdiyi əsas mesaj aydındır. Gələcəyin əmək bazarını öyrənmək, yenilənmək və dəyişikliklərə uyğunlaşdırmaq hər bir insanın üçün böyük əhəmiyyət daşıyacaq. Dövlətlərin uğuru isə insanların bu prosesə nə dərəcədə hazırlaya bilməsindən asılı olacaqdır”,- deyə o qeyd edib.
