Bakı. Trend:
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) beynəlxalq ictimaiyyəti və aidiyyəti təşkilatları humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb.
Ombudsman Aparatından verilən məlumata görə, Ağstafa rayonunda baş vermiş partlayış nəticəsində bir nəfərin həlak olması, digərinin isə ağır xəsarət alması dərin təəssüf və narahatlıq doğurur.
Bildirilib ki, mina və partlamamış hərbi sursat təhlükəsi ölkəmizdə insanların həyat və sağlamlığı üçün ciddi təhdid olaraq qalır, insan hüquqlarının, xüsusilə yaşamaq hüququnun pozulmasına səbəb olur.
Qeyd olunub ki, bu problem həm də sağlam ətraf mühitdə yaşamaq hüququnu pozan ağır ekoloji fəlakətdir. Mina və hərbi sursat partlayışları, eləcə də torpaq altında uzun müddət qalan partlayıcı maddələr kimyəvi zəhərlənməyə səbəb olur, münbit torpaq qatını sıradan çıxarır və yeraltı su hövzələrini çirkləndirir.
Vurğulanıb ki, COP31 kimi qlobal əhəmiyyətli iqlim tədbirinin keçirildiyi bir dövrdə Azərbaycanda belə faciənin baş verməsi beynəlxalq ictimaiyyətin diqqətini mina və partlamamış hərbi sursatların yaratdığı humanitar təhlükəyə bir daha yönəltməlidir.
Ombudsman beynəlxalq ictimaiyyəti və aidiyyəti təşkilatları problemin aradan qaldırılması, humanitar minatəmizləmə fəaliyyətinə dəstəyin gücləndirilməsi və insanların təhlükəsiz yaşamaq hüququnun təmin olunması istiqamətində səylərini artırmağa çağırıb.
